AZ

“Birbaşa xarici investisiyalar ölkəyə həm kapital, həm də texnologiya gətirir” - Xalid Kərimli

Ölkədə keçirilən ilk investisiya forumunun əsas məqsədi yerli və xarici investorlar üçün yeni imkanların təqdim olunmasıdır.

News365.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli bu barədə açıqlama verib. Onun sözlərinə görə, birbaşa xarici investisiyalar digər investisiya növlərindən fərqli olaraq uzunmüddətli xarakter daşıyır və yalnız maliyyə deyil, eyni zamanda müasir texnologiya və innovasiyaların ölkəyə gətirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Kərimli qeyd edib ki, qlobal rəqabət mühitində ölkələr investorların diqqətini cəlb etmək üçün sabitlik və iqtisadi inkişaf perspektivlərini önə çıxarır:

“Birbaşa xarici investisiyalar ölkədə yeni iş yerlərinin yaradılmasına, iqtisadiyyatın inkişafına, potensialın artmasına və idxaldan asılılığın azalmasına şərait yaradır. Regionda sülh müqaviləsinin imzalanacağı təqdirdə, Qafqazda yaranacaq sabitlik də investor marağını artıracaq”.

İqtisadçı əlavə edib ki, nəqliyyat dəhlizləri, enerji layihələri və turizm sektoruna yönəlik xarici sərmayələrin cəlbi Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynaya bilər.

Onun sözlərinə görə, forumda həm yerli, həm də beynəlxalq investorlarla əməkdaşlıq imkanları, yeni layihələr və maraqlı istiqamətlər müzakirə olunacaq.

Seçilən
9
news365.az

1Mənbələr