AZ

Avrasiyanın “geopolitik qapı”ları ABŞ və Rusiyanın üzünə qapadılır: Türkiyə və Çin şərikli hərbi-siyasi hegemonluq şansı qazanır

Türkiyə, Çin və Hindistan fərqli siyasi trayektoriyalara malik olsalar da, əslində, bu dövlətlərin paralel siyasət strategiyaları Avrasiya məkanında yeni güc balansı formalaşdırır... İndi artıq bu coğrafi məkanın geopolitik gələcəyini yalnız ABŞ və Qərbin Rusiya qarşıdurması deyil, həm də bu üç dövlətin çoxvektorlu oyun qaydaları müəyyən edəcək...

Son dövrlərdə beynəlxalq münasibətlərdə müşahidə olunan əsas tendensiya – multipolyar sistemin formalaşması artıq tam gücü ilə özünü göstərir. Kollektiv Qərbin Rusiyaya qarşı sərt sanksiyalarına və Ukrayna savaşının yaratdığı qlobal siyasi-iqtisadi böhrana paralel olaraq, Avrasiyada yeni geopolitik güc mərkəzlərinin yaranma prosesi də ön plana çıxır. Bu geopolitik güc mərkəzləri arasında xüsusilə üç ölkə - Çin, Türkiyə və Hindistan xüsusilə diqqəti çəkir. Və bu dövlətlər fərqli hərbi-siyasi, iqtisadi və geopolitik mövqelərə malik olsalar da, onların hər biri çoxvektorlu diplomatiya yürüdərək, həm Qərb, həm də Rusiya ilə münasibətlərdə balans yaratmağa üstünlük verirlər.

Onu da qeyd etmək lazımdır ki, Kremlə qarşı Qərbin sanksiyalarının sərtləşdiyi bir dövrdə Hindistanın Rusiya neftinə olan tələbatı rekord həddə çatıb. Belə ki, Hindistan ABŞ və Avropa Birliyinin təzyiqlərinə baxmayaraq, Rusiyadan ucuz enerji resursları idxal etməklə, həm iqtisadi üstünlük qazanır, həm də daxili bazarın enerji təhlükəsizliyini təmin edir. Bu siyasət, əslində, Hindistanın uzun illərdən bəri davam etdirdiyi “strateji muxtariyyət” konsepsiyasına uyğundur. Hindistan həm də ABŞ-la strateji tərəfdaşlıq edir, Qərbin yüksək texnologiya və müdafiə sənayesinə çıxış imkanlarını genişləndirir.

trio-koca-images.jpg

Eyni zamanda, Hindistan Rusiya ilə enerji sahəsində əməkdaşlığı üzərindən özünü həm də Avrasiyada “müstəqil güc mərkəzi” kimi təqdim edir. Hindistanın bu ziddiyyətli mövqeyi yalnız enerji sahəsi ilə məhdudlaşmır. Belə ki, bu dövlət Cənubi Asiyada Çinlə rəqabət aparmaq, Hind-Sakit okean regionunda isə ABŞ-la təhlükəsizlik əməkdaşlığını dərinləşdirmək kimi ikili siyasət də yürüdür. Və istənilən halda, bu ikili siyasətin geopolitik qənimətləri ilə yanaşı, həm də sərt təzirləri ilə də üzləşmək məcb uriyyətində qalır.

Ancaq bu yeni güc mərkəzləri arasında Çin hazırda dünyanın ən mürəkkəb siyasi- diplomatik xəttini yürüdən ölkələrdən biridir. Belə ki, rəsmi Pekin bir tərəfdən, ABŞ-la münasibətlərdə “idarəolunan rəqabət” modelini seçib. Ticarət, texnologiya və təhlükəsizlik məsələlərində gərginlik davam etsə də, Ağ Ev ilə siyasi dialoq kanallarını da açıq saxlamağa çalışır. Və Tramp-Si Tsinpin telefon danışığında müzakirə olunan ticarət balansı, Ukrayna savaşının dayandırılması və s. kimi mövzular rəsmi Pekinin praqmatik yanaşmasının bariz nümunəsidir.

Digər tərəfdən, rəsmi Pekin Rusiya ilə strateji tandemini də gücləndirməkdədir. İranın nüvə proqramı ilə bağlı yeni təşəbbüslərdə Kreml ilə ortaq mövqe tutması Çinin həm Qərbin təsirini balanslaşdırmaq, həm də Yaxın Şərqdə diplomatik nüfuzunu artırmaq istəyi ilə bağlıdır. Beləliklə, rəsmi Pekin əslində, Çinin eyni vaxtda həm ABŞ üçün zəruri tərəfdaş, həm də Rusiya üçün etibarlı müttəfiq obrazını yaradır. Və bu isə rəsmi Pekini birmənalı şəkildə multipolyar düzənin əsas dayaqlarından birinə çevirir.

0cbad826e2cae602b6f332e958976cdf.jpg

Yeni geopolitik güc mərkəzləri sırasına daxil olan Türkiyə isə Avrasiyada çoxvektorlu diplomatiyanın ən real nümunəsini göstərir. Ukrayna-Rusiya müharibəsinə münasibətdə rəsmi Ankara həm NATO üzvü olaraq, Qərbin yanında yer alır, həm də Rusiya ilə əməkdaşlıq kanallarını da açıq saxlayır. Və vaxtilə Türkiyənin vasitəçiliyi sayəsində imzalanan “taxıl sazişi” və əsirlərin mübadiləsi barədə razılaşma rəsmi Ankaranın bu siyasətinin real nəticələri kimi ortaya çıxmışdı.

Cənubi Qafqazda isə Türkiyə olduqca ciddi geopolitik iradə sahibi olduğundan, rəsmi Ankara real regional vasitəçi kimi çıxış etmək potensialına da malikdir. Azərbaycan-Ermənistan sülh danışıqlarına münasibətdə rəsmi Ankaranın prinsipial mövqeyi, eləcə də Zəngəzur dəhlizi və regional inteqrasiya layihələrində fəal iştirakı Türkiyənin artan qlobal təsirini göstərir.Və bütün bunlarla yanaşı, Türkiyənin Yaxın Şərqdə diplomatik fəallığı – İsrail, ərəb ölkələri və İranla paralel dialoqları rəsmi Ankaranın “çoxşaxəli vasitəçilik” iddiasını daha da möhkəmləndirir.

Çin

Göründüyü kimi, Türkiyə, Çin və Hindistan fərqli siyasi trayektoriyalara malik olsalar da, əslində, bu dövlətlərin Avrasiya məkanında siyasət yürütmə üslubu böyük ölçüdə oxşardır. Çünki hər üç dövlət Qərb-Rusiya qarşıdurmasının yaratdığı boşluqlardan istifadə edərək, tamamilə çoxvektorlu diplomatiya yürüdür. Hindistan enerji və texnologiya sahəsində ikili siyasət aparır. Çin həm ABŞ, həm də Rusiya ilə paralel əməkdaşlıq edir. Türkiyə isə həm NATO üzvü, həm də Rusiya ilə dialoq quran vasitəçi kimi çıxış edir. Bu paralel siyasət strategiyaları Avrasiyada yeni güc balansı formalaşdırır. Artıq bu coğrafi məkanın geopolitik gələcəyi yalnız Qərb-Rusiya qarşıdurması ilə deyil, həm də bu üç dövlətin çoxvektorlu oyun qaydaları ilə də müəyyənləşir.

Avrasiyada baş verən bu son proseslər onu göstərir ki, multipolyar beynəlxalq düzən artıq inkaredilməz reallıqdır. Hindistanın strateji muxtariyyəti, Çinin ikili diplomatiyası və Türkiyənin bütün istiqamətlər üzrə sərhədsiz vasitəçilik potensialı qlobal siyasət məkanında yeni dinamikanı formalaşdırır. Bu dinamika həm Qərb, həm də Rusiya üçün yeni çağırışlar doğurur. Və indi artıq nə ABŞ, nə də Rusiya Avrasiyanı təkbaşına idarə etmək şansına sahib deyil. Beləliklə, Avrasiyanın geosiyasi gələcəyi yalnız böyük güclərin deyil, həm də regional aktorların – Çin, Türkiyə, Hindistan və s. bu kimi dövlətlərin çoxvektorlu diplomatiyasından asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
8
musavat.com

1Mənbələr