AZ

“Urmiya çölü”nə dönmüş Urmiya gölünün daha bir BƏLASI – Duz qasırğası ölkəmizə keçə bilər

Artıq quruduğuna görə xəritədən bir göl olaraq silinmiş Urmiya gölü indi də başqa bir problem yaratmaqdadır. Gölün tamamən quruması ilə əlaqədar səthin üzərinə çökmüş duz güclü küləklə qasırğaya çevrilib ətrafa sovrulur. Gölün böyük hissəsinin duzu Güney Azərbaycanda və qonşu bölgələrdə milyonlarla insan üçün təhlükə yaradır. Belə bir narahatlıq var ki, bu tendensiya davam edərsə, əhalinin sağlamlığı, kənd təsərrüfatı və sosial həyat ciddi zərər çəkəcək, məcburi köç riskini artıracaq.

Problemlə əlaqədar Bizim.Media-ya açıqlama verən ekoloq Ənvər Əliyev bildirdi ki, Urmiya gölü qurumağa başlayandan onun belə fəsadları olacağı bəlli idi və miqyası hesablanırdı.
 

MÖVZU İLƏ BAĞLI:

İranı gözləyən BÖYÜK FƏLAKƏT: Urmiya gölündən başlayan böhran – ÖZƏL


“Yaranacaq hər hansı duz qasırğalarının qarşısının alınması üçün əraziyə müxtəlif duz əridici kimyəvi maddələr tökülürdü. Amma görünür bu yetərli olmayıb və güclü güləklər duz qasırğalarına səbəb olur. Bu da nəticədə küləyin istiqamətinə görə daha geniş areala yayıla bilər”.

Ekoloq bildirir ki, duz qasığalarının Azərbaycana keçmək ehtimalı var, amma çox azdır, elə də təhlükəli deyil. Əgər keçərsə, qarşılıqlı şəkildə iki ölkə bu problemin həlli yolu ilə məşğul olacaq.

“Sadəcə duzlaşma nəticəsində getdikcə şoran ərazilər artacaq, münbit torpaqlar azalacaq. İranın özünə də, xüsusilə Güney Azərbaycana çox ciddi ziyan vurur.  Ümumilikdə dünya səviyyəsində baxılası bir məsələdi, fəsadları çox ciddi ola bilər”.

Ümumiyyətlə mütəxəsssislər bildirirlər ki, fəlakətin qarşısını almaq üçün gölə minimum suyun təmin olunması və bərpa proqramlarının dərhal həyata keçirilməsi vacibdir.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr