AZ

Dünya Bankı: "Strateji dəhlizlərə investisiyalar qlobal çoxqütblü nizamı formalaşdırır"

Orta dəhliz kimi strateji dəhlizlərə investisiya qoymaqla, region həm iqtisadi fayda əldə edə, həm də dayanıqlı çoxqütblü dünya nizamını formalaşdıra bilər.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, formalaşan "Black Sea Submarine Cable" təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında enerji təhlükəsizliyini, rəqəmsal bağlantı və inteqrasiyanı gücləndirir.

"Layihə regionun elektrik və rəqəmsal bazarlarını Gürcüstan və Rumıniyadakı çıxış nöqtələri vasitəsilə Avropa İttifaqı (Aİ) ilə birləşdirəcək. Əgər biz Cənubi Qafqazın bütün ölkələrinin fayda əldə edə bilməsi üçün regional inteqrasiyaya diqqət yetirməyə davam etsək, potensial böyükdür. Burada strateji baxış aydındır", - o qeyd edib.

Regional direktor vurğulayıb ki, Cənubi Qafqaz və Mərkəzi Asiya təkcə tranzit marşrutları deyil, həm də artımın, innovasiyaların və regionlararası əməkdaşlığın yeni hərəkətverici qüvvələridir.

"Strateji dəhlizlərə investisiya qoymaqla və Qara dəniz vasitəsilə bağlantı imkanlarından istifadə etməklə, region qlobal davamlı nizamın formalaşmasında həlledici rol oynaya bilər. Davamlı tərəfdaşlıq, regional koordinasiya və innovativ maliyyələşdirmə mexanizmləri müasir İpək Yolunun qlobal dayanıqlılığa körpü kimi reallaşdırılmasının açarı olacaq", - R.Prays əlavə edib.

Seçilən
23
musavat.com

1Mənbələr