Finss.az - Naxçıvan Muxtar Respublikasında aqrar sahədə ilk qadın kooperativinin yaradılmasına başlanıb. Kooperativ Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılır.
Kooperativ aqrobiznes sahəsində fəaliyyət göstərən kiçik sahibkar qadınları bir araya gətirəcək. Qadın sahibkarlar həm istehsal, həm də satış mexanizmini birgə quraraq, kooperativ təsərrüfatın digər üstünlüklərindən faydalanacaqlar. Layihə müxtəlif aqrar sahələri əhatə etməklə, xüsusilə ucqar kəndlərdə yaşayan fermer qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsinə yönəlib.
İlkin mərhələdə süd məhsullarının emalı və satışı sahəsində fəaliyyət göstərəcək kooperativ qadın fermerlərin bacarıqlarının artırılması, resurslara çıxış imkanlarının genişləndirilməsi və dayanıqlı dəstək mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ilk qadın kooperativinin yaradılmasına həsr olunmuş “Kooperativ quruculuğu” mövzusunda hibrid formatlı seminar keçirilib. Tədbirdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri İsrafil Həsənli, həmçinin Azərbaycanda və Türkiyədə uğurlu təcrübəyə malik kooperativ rəhbərləri iştirak ediblər.
Seminar çərçivəsində kooperativlərin yaradılması, idarə olunması, marketinq və satış strategiyaları ilə bağlı təqdimatlar keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində 14 qadın kooperativi yaradılıb. Bu kooperativlər aqrar sektorun fərqli sahələrini əhatə edir və uğurlu fəaliyyətləri ilə qadınların iqtisadi rolunun gücləndirilməsində mühüm yer tutur.




