AZ

Nazir: Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edib

BAKI, 22 sentyabr. TELEQRAF

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna təqribən 144 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edib. Bu da ölkəmizi Xəzər dənizini beynəlxalq sərmayədarlara açan və Xəzərdən Aralıq, Qara dəniz və Adriatik istiqamətində enerji dəhlizləri quran regionun ilk dövləti edib.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O bildirib ki, indiyədək Bakı–Tbilisi–Ceyhan kəməri ilə Azərbaycanın 540 milyon ton, Mərkəzi Asiyanın isə 53 milyon ton nefti dünya bazarlarına nəql olunub:

“Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. İlk dəfə olaraq “yaşıl enerji” sahəsində tərəfdaşlıq Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında elektrik şəbəkələrinin inteqrasiyasına imkan yaradıb, Transxəzər dəhlizinin reallaşmasına yol açıb və Mərkəzi Asiya ilə Cənubi Qafqazı “yaşıl keçid”in aparıcı regionlarına çevirib.

Xəzər hövzəsinin zəngin bərpaolunan enerji potensialının Türkiyə və Avropa bazarlarına diversifikasiya olunmuş marşrutlarla çatdırılması Azərbaycanın müasir enerji siyasətinin prioritet istiqamətidir. Növbəti iki ildə ümumi gücü 2000 meqavattan çox olan, dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edən 10 günəş və külək elektrik stansiyası enerji sistemimizə inteqrasiya ediləcək.

2030-cu ilə qədər quraşdırılmış bərpaolunan enerjinin payını 38 faizədək artırmaq, əlavə 700 meqavat güc yaratmaq planlaşdırılır. Bu, Azərbaycanın “yaşıl enerji”nin əsas istehsalçısı, tədarükçüsü və tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirmək istiqamətində strateji addımdır. Bu məqsədlə Xəzər dənizində nəhəng külək potensialının reallaşdırılması üçün ölçmə və monitorinq işləri aparılır”.

Nazirin sözlərinə görə, dənizdə külək elektrik stansiyalarının tikintisi üçün sahələrin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, yerli və beynəlxalq olmaqla yeddi şirkətlə əməkdaşlıq davam edir:

“ 2032-ci ilə qədər 6 qiqavatdan çox quruda və dənizdə günəş və külək enerjisi gücünün yaradılması, həmçinin Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin mərhələli istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələri üzərində iş aparılır. Bu layihələr həm birbaşa Naxçıvan üzərindən, həm də Ermənistan marşrutu vasitəsilə həyata keçiriləcək.

Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirən bu layihələr eyni zamanda Mərkəzi Asiya ilə körpü rolunu oynaya bilər. Bu səbəbdən, Azərbaycanın Qazaxıstan və Özbəkistanla yaşıl enerji əməkdaşlığına yanaşması kompleks xarakter daşıyır və vahid regional yaşıl enerji platformasının yaradılmasına yönəlib. Bu istiqamətdə ilk addımlar ötən il Bakıda keçirilən COP29 zamanı atılıb – Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən “Azad Ölkələr arasında Yaşıl Enerjinin İnkişafı və Nəqli üzrə Strateji Tərəfdaşlıq haqqında” hökumətlərarası saziş, eləcə də Səudiyyə Ərəbistanı Krallığının Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinə sərmayədar kimi qoşulmasına imkan verən sənədlər imzalanıb.

Seçilən
71
teleqraf.com

1Mənbələr