AZ

Bakı Təhlükəsizlik Forumu dünya üçün təhlükə və təhdidə çevrilən məsələlərin müzakirəsi üçün əlverişliplatformadır - Xəyal Bəşirov

Bakı Təhlükəsizlik Forumunun üçüncü iclası keçirilməkdədir. Əslində, Azərbaycan dövləti və Bakı şəhəri daha çox bir sıra nüfuzlu və mötəbər beynəlxalq tədbirlərin ev sahibi kimi uzun illərdir ki, uğurla çıxış edir və bu, artıq ənənə halını alıb. Hesab edirəm ki, Bakı Təhlükəsizlik Forumunda bu gün dünya dövlətləri üçün, bəşəriyyət üçün təhlükə və təhdidə çevrilən məsələlərlə mübarizə tədbirləri çərçivəsində atılacaq addımların müzakirəsi üçün əlverişli şərait yaradılıb. Bu tədbirdə müxtəlif dövlətlərin təhlükəsizlik sahəsindəki rəhbər şəxslərinin iştirakı isə Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi.

Ekspert qeyd etdi ki, Azərbaycan mədəniyyət, idman, siyasi, iqlim dəyişikliyi ilə bağlı diplomatiya sahəsində müxtəlif istiqamətlərdə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Təbii ki, dövlət təhlükəsizliyi bütün dövlətlər üçün önəmli məsələdir. Azərbaycan üçün də bu məsələ çox önəm daşıyır və bu gün dünya üçün, ayrı-ayrı dövlətlər üçün təhdid yaradan bir sıra amillər mövcuddur. Təbii ki, bunların sırasında iqlim dəyişiklikləri, münaqişələr, qarşıdurmalar, eləcə də terror amili ön plana çıxır. Terrorla mübarizə isə Bakı Təhlükəsizlik Forumunda keçiriləcək müzakirələrin ən əsas mövzularından biridir. Azərbaycan bu sahədə də önəmli təcrübə ortaya qoyub. Artıq deyə bilərik ki, 2 il öncə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində, təxminən 30 il ərzində Azərbaycan ərazilərində yuva salmış, Ermənistanın, eyni zamanda, digər dövlətlərin dəstəyi, maddi yardımı və silahlarla təmin olunan terrorçu qruplaşmaların Azərbaycan ərasizində fəaliyyətinə son qoyduq. Təbii ki, bu, artıq dünya tərəfindən də nümunəvi şəkildə qəbul edilən bir tədbir oldu. Çox qısa müddətli, lokal xarakterli və yüksək dəqiqliklə həyata keçirilən antiterror tədbirləri bu gün ayrı-ayrı dövlətlərin nümunəsində təkrarlanmış bir təcrübədir və eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan bununla öz dövlət suverenliyini təmin etmiş oldu.

Siyasi şərhçinin sözlərinə görə təbii ki, bu gün Bakıya toplaşan ayrı-ayrı dövlətlərin də bu sahədə ciddi problemləri mövcuddur və həmin dövlətlər bu problemlərin həlli üçün Azərbaycan nümunəsindən yararlanmağa, bu təcrübənin detallarını öyrənməyə, prosesin gedişində rəsmi Bakının mövqeyini və mülahizələrini dinləməyə maraqlı və hazırdırlar. Bakı Təhlükəsizlik Forumu tədbirləri çərçivəsində növbəti iclasın keçirilməsi də düşünürəm ki, bundan sonra Azərbaycan dövlətinin bu sahədə yürüdəcəyi siyasətin tərkib hissələrindən biri olacaq və bu tədbirdə iştirak edən ayrı-ayrı dövlətləri təmsil edən şəxslər də öz dövlətlərinin nümunəsində Azərbaycanın təcrübəsindən istifadə edəcəklər.

Səbinə Qorxmaz "İki sahil"

Seçilən
16
ikisahil.az

1Mənbələr