Hollandiyada polis McDonald's restoranında 15 yaşlı yeniyetməni güllələyib
Ajans.az NL Times-a istinadən xəbər verir ki, hadisə silahlı soyğunçuluqla bağlı əməliyyat zamanı qeydə alınıb. Yeniyetmə elektron velosiped oğurluğunda və polisləri odlu silahla hədələməkdə şübhəli bilinir. Hollandiya polisinin sözçüsü bildirib ki, şübhəliyə dəfələrlə silahı yerə qoymaq və təslim olmaq barədə xəbərdarlıq edilib, lakin o, buna əməl etməyərək hadisə yerindən qaçmağa çalışıb. “O, tabe olmadı, qaçmağa cəhd göstərdi. Biz isə atəş açdıq”, – deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib. Hazırda yaralı yeniyetmə xəstəxanaya yerləşdirilib və vəziyyəti barədə ətraflı məlumat verilməyib. Hadisənin ictimai məkanda, insanların gözü qarşısında baş verməsi həm yerli sakinlər, həm də insan haqları müdafiəçiləri tərəfindən ciddi narahatlıqla qarşılanıb. Sosial mediada yayılan görüntülər və şərhlər hüquq-mühafizə orqanlarının güc tətbiqinə dair suallar doğurub. Hadisə ilə bağlı araşdırma başladılıb. Hüquq-mühafizə orqanları həm polisin hərəkətlərini, həm də şübhəlinin davranışını qiymətləndirmək üçün daxili istintaq aparır.