AZ

Yanvarın 1 dən qaydalar dəyişir Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq. Beynəlxalq təcrübədə “brutto müqavilə” adlanan bu sistem 2028-ci ilə qədər tam şəkildə tətbiq ediləcək.

Fərmana əsasən, dövlət büdcəsində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq. Fondun əsas gəlir mənbələri benzin, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi, 2027-ci ildən Bakının bəzi ərazilərinə avtomobil girişinə görə ödəniləcək haqqdan formalaşacaq. Vəsaitlərdən daşıyıcıların xərclərinin kompensasiyası və marşrut şəbəkəsinin dayanıqlı işləməsi üçün subsidiya veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin sözlərinə görə, hazırkı biznes modeli daşıyıcıların maliyyə imkanlarını məhdudlaşdırır və avtobus parkını yeniləməyə imkan vermir.

Onun sözlərinə görə, yeni yanaşma ilə gediş haqqı birbaşa daşıyıcılara deyil, mərkəzləşdirilmiş hesaba yönləndiriləcək: “Daşıyıcıya xidmətin dəyəri hesablanacaq, sərnişinlərin ödədiyi vəsait həmin xərci qarşılamasa, fərq dövlət subsidiyası ilə ödəniləcək. Bu, avtobus parkının yenilənməsinə və qrafiklərin ciddi şəkildə qorunmasına imkan verəcək”.

Anar Rzayev, həmçinin bildirib ki, Bakı və Abşeron ərazisində avtobus şəbəkəsi yenidən işlənib. Mövcud vəziyyətə görə şəhər əhalisinin 17 faizi avtobus şəbəkəsinə çıxış imkanı əldə edə bilmir. Yeni model bu problemi də aradan qaldırmağa yönəlib.

AYNA sədri vurğulayıb ki, marşrutların fəaliyyəti çox hallarda gecə yarısına qədər davam edəcək. Sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi də gündəmdədir, amma bu yalnız bütün avtobusların vahid nağdsız ödəniş sisteminə keçidindən sonra mümkün olacaq.

Modern.az-a açıqlamasında hüquqşünas və nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni mexanizm sürücü rəqabətini aradan qaldıracaq:

“Hazırda avtobus sürücüləri sərnişin uğrunda yarışır. Yeni modeldə isə daşıyıcı sərnişin sayına görə deyil, məsafəyə görə ödəniş alacaq. Bu, avtobusların qrafikə uyğun hərəkətini təmin edəcək, dayanacaqlarda süni gözləmələri aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, subsidiya yalnız müasir tələblərə cavab verən - sıxılmış qaz, elektrik mühərrikli, Gəncədə isə 2025-ci ildən sonra istehsal olunan dizel avtobuslarına veriləcək. “Bu yanaşma sürücülərin əmək şəraitini yaxşılaşdıracaq, avtobus parkının yenilənməsini sürətləndirəcək və nəticədə sərnişinlər daha rahat, təhlükəsiz nəqliyyatdan istifadə edəcəklər,” - deyə Ərşad Hüseynov əlavə edib.

Yeni sistemlə ödənişlər yalnız elektron formada həyata keçiriləcək. “Tarif menyusu” modeli, yəni aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi də gündəmdədir.

Ərşad Hüseynov söyləyib ki, ictimai nəqliyyat sırf kommersiya məqsədli bir fəaliyyət deyil. Bu, sosial əhəmiyyət daşıyan bir sahədir və hər kəs üçün əlçatan olmalıdır. Əlçatanlıq isə sərfəli gedişhaqqı, dayanıqlı və keyfiyyətli xidmət deməkdir.

”İndiyə qədər biz bu sistemin effektiv fəaliyyətini görə bilmirdik. Çünki əsas maliyyələşmə mənbəyi məhz sərnişinlərdən toplanan gedişhaqqı idi. Bu səbəbdən də daşıyıcılar sərnişin uğrunda mübarizə aparır, yeni avtobusların alınmasında çətinliklər yaşayırdılar. Ancaq dövlət dəstəyi ilə bu problemlərin həlli real və mümkün olacaqdır. Yeni sistemin əsas mahiyyəti ondan ibarətdir ki, yanacağın üzərində olan yol vergisinin bir hissəsi ictimai nəqliyyat fonduna yönəldiləcək”, - deyə ekspert əlavə edib:

2027-ci ildən sonra Bakı şəhərinin bəzi zonalarına avtomobil girişinin ödənişli olması planlaşdırılır.

Ekspert qeyd edib ki, bu məsələ hələ tam dəqiqləşdirilməyib: “Dünyanın müxtəlif ölkələrində mərkəzi hissələrə avtomobil girişini qadağan edən modellər sınaqdan keçirilib, lakin bu cür sərt tədbirlər çox zaman effektiv olmayıb. Çünki belə qadağaları keçmək üçün qeyri-adi üsullara əl atılırdı. Ən uğurlu beynəlxalq təcrübə odur ki, bu zonalara giriş ödənişli olur. Lakin bu zaman həmin ərazilərdə ideal ictimai nəqliyyat və mikromobillik (velosiped yolları, skuter yolları və s.) şəraiti yaradılır. Beləliklə, vətəndaş öz şəxsi avtomobili ilə gəlməkdənsə, alternativ nəqliyyatdan istifadə etməyi daha məqsədəuyğun hesab edir. Yox, əgər biri yenə də şəxsi avtomobili ilə gəlmək istəyirsə, bu zaman müəyyən bir ödəniş etməlidir. Prinsip budur”.

Onun sözlərinə görə, burada astronomik və ya fantastik qiymətlərdən söhbət gedə bilməz. “Qiymətlər məntiqi və vətəndaş üçün anlaşılan olmalıdır. Həmin zonaların dəqiq sərhədləri və lisenziya məsələləri isə gələcəkdə açıqlanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
4
modern.az

5Mənbələr