SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini, iş adamı Adnan Əhmədzadənin DTX tərəfindən həbsi ətrafında müzakirələr iki gündür davam edir. Son vaxtlara qədər dəbdəbəli həyat tərzi, tanınmış futbol ulduzlarını Azərbaycana gətirməsi ilə gündəm olan A.Əhmədzadənin həbsinin səbəbləri, malik olduğu sərvət, qanunsuz maliyyə əməliyyatları və sairlə bağlı fərqli fikirlər, versiyalar irəli sürülür.
Maraqlı məqamlardan biri isə Adnan Əhmədzadənin həbsi öncəsi hazırda ABŞ-da yaşayan tanınmış media meneceri Elnur Baimovun yenidən fəallaşmasıdır.
Belə ki, o, bu ilin iyun ayından özünün feysbuk hesabında “Qlobal Media Group”ə rəhbərlik etdiyi barədə xəbər paylaşıb. Ardınca isə demək olar ki, əksər paylaşımlarını A.Əhmədzadəyə həsr edib. Bu məsələdə daha bir maraqlı detal diqqəti çəkir: Hazırda A.Əhmədzadənin ittiham olduğu “Azeri Light” markalı neftin xam neftlə qarışdırılmasına dair beynəlxalq qalmaqal da elə E.Baimovun yenidən fəallaşması ilə demək olar ki, eyni dövrə təsadüf edir.
E.Baimovun ilk paylaşımından belə anlaşılır ki, o, ABŞ-da Azerbaijan.us, Vestibaku, BakuHeute, Bakou24, Azerbaiyán Hoy, Baku Gündəm, Azeri.TV media resurslarını təsis edib. Bunu bəyan etməsinin ardınca isə o, müntəzəm olaraq, Azərbaycan futbolunun uğursuz transferlərinə milyonlarla vəsait xərclənməsindən, Azeri Light” markalı neftin digər neft növləri ilə qarışdırılmasında dair qalmaqaldan və bu məsələdə Adnan Əhmədzadənin rolundan yazıb. Son olaraq ki, E.Baimov Azərbaycan media resurslarında yayılan "Medallardan barmaqlıqlar arxasına: Adnan Əhmədzadənin istintaq təcridxanasında ilk günü" adlə məqaləni paylaşıb.
Beləliklə, aydın olur ki, bu paylaşımlar heç də təsqadüfi deyil və E.Baimov A.Əhmədzadə ilə bağlı bir çox məlumatlara malikdir. Vaxtilə onların eyni media holdinqə bağlı olması da bunu deməyə əsas verir.
Xatırladaq ki, Elnur Şahbaz oğlu Baimov 1974-cü ildə Bakıda riyaziyyatçı ailəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və hüquq fakültəsini bitirib.
1998-ci ildə İngiltərənin Bristol Universitetində təhsilini davam etdirən Baimov 2002-ci ilə qədər ABŞ, İngiltərə və Rusiyanın bir sıra şirkətlərində çalışıb.
O, 2002-ci ildə "Mbask" şirkətində inzibati işlər üzrə direktor, 2003-2009-cu illərdə "Day.az" xəbər portalının baş redaktoru vəzifəsində çalışıb. Həmin illərdə paralel olaraq, Turbo.az, Tap.az, Bina.az, Bos.az, Gun.az, “Muğam radio” və s. kimi böyük media resurslarına rəhbərlik edib.
Daha sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə gətirilən E.Baimov bir neçə ay sonra bu postdan istefa verib və yalnız biznes fəaliyyəti ilə məşğul olacağını bildirib. Lakin yenidən media sahəsində qayıdan E.Baimov 2013-cü ilin iyul ayında Oxu.az, digər iri media resurslarını təsis edib və bundan sonra okeanın o ayına - ABŞ-a köçüb. Onun A.Əhmədzadə ilə yollarını kəsişdirən layihələrədn birinin də elə oxu.az olduğu bildirilir. E.Baimov ABŞ-a köçdükdən sonra bu media resursunun A.Əhmədzadənin kurasiyasında olduğu bildirilirdi.