AZ

Kredit götürmək biznes üçün riskdir? -Mütəxəssisdən AÇIQLAMA

İnsanlar biznesə başlayarkən əllərində kifayət qədər vəsait olmadığından çox vaxt bakdan kredit götürməyi düşünürlər. Bəziləri bu addımı atır, bəziləri isə kreditin biznes üçün riskli olduğunu hesab edərək bundan çəkinir.

Bəs doğrudanmı kredit biznes üçün risk daşıyır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan strateji kommunikasiya üzrə mütəxəssis Səfər Aslanov bildirdi ki, əslində kredit nə yaxşıdır, nə də pis - kredit sadəcə maliyyə alətidir:

"Kreditin biznes üçün riskli olub-olmaması bir neçə faktordan asılıdır. Əgər sahibkar real hesablanmış biznes planı olmadan sadəcə “görək nə olar” deyə kredit götürürsə, risk çox böyükdür. Amma gəlirlilik hesablanıb, xərclər-proqnozlar düzgün aparılıbsa, kredit biznesin böyüməsinə təkan verə bilər".

Mütəxəssisin sözlərinə görə, yüksək faiz və qısa müddətlik kreditlər çox risklidir:

"Aylıq gəlirlərin kredit ödənişlərini qarşılaya bilməsi vacibdir. Əgər sahənin risklərini, müştəri bazarını, rəqibləri tanımırsa, kredit borcu yük ola bilər. Amma təcrübə və bazar biliyi varsa, kredit inkişaf üçün fürsətə çevrilir. Buna görə də bir çox biznesdə ilk addımda öz vəsaitdən başlamaq daha sağlamdır. Kredit isə biznes artıq “ayaqda dayana bilirsə” və inkişaf üçün kapitala ehtiyac varsa, daha məntiqli seçimdir".

S.Aslanov qeyd etdi ki, kreditlər biznesin inkişafında strateji rol oynayır, çünki hər sahibkarın əlində böyümə üçün kifayət qədər kapital olmur.

"Məhz burada kredit böyümə aləti kimi çıxış edir. O, illərlə toplana biləcək vəsaiti qısa zamanda təmin edərək sürətli inkişaf imkanı yaradır, istehsal gücünü artıraraq yeni bazarlara çıxışı asanlaşdırır, müasir avadanlıq və texnologiyalara sərmayə ilə məhsuldarlığı, keyfiyyəti yüksəldir. Reklam və xidmət keyfiyyətinə yatırım imkanı verərək rəqabət qabiliyyətini gücləndirir. Həmçinin biznesə daha böyük sifarişləri qəbul etmək şansı qazandırır", - deyə mütəxəssis qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr