AZ

Yıxılanı “baltalayan” Ağayevin “Araz”a etdiyi yanlış

Mən «Araz-Naxçıvan»ın son üç ildə 0:5 hesabıyla uduzmasını xatırlamıram.

Bəlkə də olub, açığı, yadıma gəlmir.

Oyunun məzmunu ilə tablodakı rəqəmlər üst-üstə düşmür.

«Araz» uduzmağına uduzdu, lakin deməliyəm ki, həm şans onların tərəfində olmadı, həm də Əliyar Ağayev baltanı lap ağacın kökündən vurdu.

Slavik Arxasovun Aleksey Kaşukun ayağına zərbə endirdiyi epizodda penaltinin yeri var idi, qırmızı vərəqənin yox. Bu, hər üzünə ağır qərar oldu.

VAR kamerasının önündə dayandığı dəqiqələr FİFA referisinə bəs edirdi ki, o, epizodu doğru ölçüb-biçsin. Slavikin üzü top gələn istiqamətə idi,

Kaşuku görmürdü və qəsdən ayağına toxunmamışdı. Ağayev penaltinin üstündən bir də onu meydandan kənarlaşdırmaqla, «Araz»a kürəyindən xəncər saplamış oldu.

Olardı «Turan Tovuz», görüm, bu «qırmızı»nı cibindən çıxarardımı? Dünyasında!

28-ci dəqiqədə hesabda 0:2 geri düşən, aparıcı müdafiəçilərindən birini itirən «Araz»ın müqavimət gücü 52-ci dəqiqədə tükəndi.

Ondan əvvəl və sonra yaradılan qol vəziyyətləri də topun tora qovuşmasıyla nəticələnməyincə, hesab belə böyük alındı.

«Araz» Mərdəkandan darmadağınla ayrılsa belə, mövsümün ən yaxşı oyunlarından birini keçirdilər düşüncəsindəyəm.

Pessimist olmağa tələsməyək. Hücumda tərs gətirdi bütün cəhdləri, belə maraqlı komandadır «Araz».

KAMİL

Seçilən
8
sportinfo.az

1Mənbələr