AZ

"Tramp Qəzzada baş verən hadisələri tənqid etsə də, İsrailə “dayan” əmri vermir"

"Son iki ildir İsrail-Fələstin müharibəsi davam edir və artıq 100 mindən çox fələstinli həlak olub, yüz minlərlə insan yaralanıb. Qəzza bölgəsi demək olar ki, darmadağın edilib və orada yerüstü əməliyyatlar həyata keçirilir. Fələstinlilər oradan məcburi çıxarılır. Artıq 550 mindən çox insan Qəzzadan çıxarılıb. Bu hadisələr dünya ictimaiyyətində İsrailə qarşı kəskin etirazlar doğurur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Fələstinlə İsrail arasında baş verən problemlərdən və dünya ölkələrinin Fələstini tanımasından danışarkən bildirdi.

"Birləşmiş Millətlər Təşkilatı bir neçə dəfə İsrailə xəbərdarlıq edib və Qəzzada genosid törətdiyini rəsmən tanıyıb. Bununla paralel olaraq, bir çox ölkələr, o cümlədən Avropa ölkələri Fələstini dövlət kimi tanıyıblar. Fələstini tanıyan ölkələrin sayı artmaqdadır ki, bu da İsrailin apardığı təcavüzkar siyasətin nəticəsidir. Təəssüf ki, ABŞ İsrailin yanında dayanır və bu siyasəti dəstəkləyir. ABŞ Prezidenti Donald Tramp Qəzzada baş verən hadisələri tənqid etsə də, İsrailə “dayan” əmri vermir. Onların məqsədi Qəzzanı boşaldıb binalar, nümayəndəliklər və istirahət mərkəzləri tikərək iqtisadi gəlir əldə etməkdir. Bir xalqın qanı tökülən yerdə bu cür addımlar atılması böyük ədalətsizlikdir", - deyə siyasi şərhçi vurğuladı.

Müsahibimizi fikrincə, ilahi ədalət qalib gələcək və fələstinlilər öz torpağına nə vaxtsa qayıdacaqlar:

"Bu gün BMT-də Fələstinin tanınması və dövlət kimi qəbul edilməsi prosesi davam edir. İsrail bu ölkələri təhdid etsə də, BMT-nin 80-ci sammitindən sonra aparılacaq danışıqlar İsrailin əleyhinə işləyəcək. İsrail artıq ətrafındakı yeddi ölkə ilə müharibə aparıb və indi Türkiyəni hədəf göstərir. Bu, İsrailin gələcəyinin risk altında olduğunu göstərir. Apardığı anti-insani siyasət nəticəsində İsrail özü məhvə doğru sürüklənir. Fələstin dövlətinin dünya ölkələri tərəfindən tanınması prosesi isə sürətlənəcək və Fələstin nəhayət dövlət kimi qurulacaq. İsrailin xoşuna gəlməsə də, bu qaçılmazdır", - deyə Elşad Həsənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
18
1
redaktor.az

2Mənbələr