Bu günədək Azərbaycan neft-qaz sektoruna təxminən 144 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb edib.
Bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda energetika narizi Pərviz Şahbazov deyib.
O bildirib ki, Azərbaycan Xəzəri beynəlxalq investorlar üçün açan və Xəzərdən Aralıq dənizi, Qara dəniz və Adriatikə enerji dəhlizləri yaradan ilk ölkə olub. Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə indiyə qədər 540 milyon ton Azərbaycan, 53 milyon ton isə Mərkəzi Asiya nefti dünya bazarlarına çatdırılıb.
“Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İlk dəfə olaraq Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında elektrik şəbəkələrinin birləşdirilməsi nəzərdə tutulur. Bu, Transxəzər Enerji Dəhlizinin əsasını qoyacaq və regionu yaşıl keçidin liderinə çevirəcək”, – deyə nazir qeyd edib.