AZ

Regionlarda həkim çatışmazlığını necə həll etmək olar? - Millət vəkilinin şərhi

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə hazırda 338 xəstəxana, 36 min 600 həkim fəaliyyət göstərir. Ən çox həkim paytaxtın payına düşür. Belə ki, Bakıda 22 min 747 həkim fəaliyyət göstərir. Rayonlarda həkimlərin ümumi sayı 1000-dən azdır. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə ciddi şəkildə həkim çatışmazlığı müşahidə olunur.Bəs gələcək illərdə bölgələrdə həkim çatışmazlığının həll olunması üçün konkret strategiya nəzərdə tutulub?

E-saglam.az xəbər verir ki, millət vəkili Müşfiq Məmmədli Valyuta.az-a açıqlamasında bildirdi ki, səhiyyə sisteminin səviyyəsi hər bir dövlətin inkişaf göstəricilərindən biridir. Tibbi xidmət yalnız paytaxtda deyil, bütün bölgələrdə də əlçatan olmalıdır: “Lakin təəssüf ki, Azərbaycanın regionlarında bu sahədə vəziyyət ürəkaçan deyil. Nəticədə, icbari tibbi sığortanın tətbiqindən sonra bölgələrdən Bakıya müraciətlərin sayı artıb. Bu isə həm əhalinin maddi imkanlarına əlavə yük gətirir, həm də paytaxtdakı xəstəxanalarda sıxlığın yaranmasına səbəb olur”.

M.Məmmədlinin sözlərinə görə, rayonlarda ixtisaslı həkimlərə ehtiyac olması və müvafiq olaraq tibb müəssisələrində vakansiyaların geniş olması həmin mütəxəssislərin kifayət qədər böyük əhalisi olan bölgələrdə xəstə və müraciət potensialının çox olması həvəsləndirici əlavələrin digər bölgələrə nisbətən daha çox olmasına gətirib çıxarır ki, bu da kifayət qədər stimullaşdırıcı amildir.

Yetişmiş və ixtisaslı mütəxəssislər bölgələrdə kifayət qədər ölkə səviyyəsindən yuxarı qazanc əldə etmə imkanına sahibdirlər: “Özəl sektor bu mütəxəssisləri işə cəlb edir. Bu baxımdan regionlarda maddi-texniki bazanın Bakı, Abşeron, Gəncə, Mingəçevir kimi böyük şəhərlərdəki infrastrukturdan zəif olması və kifayət qədər ixtisaslı həkimlərə böyük şəhərlərdə də ehtiyacın qalması səbəbindən bölgələrə axını təmin edə bilmirik”.

Millət vəkilinin sözlərinə görə, hazırda həkimlərin bölgələrdə fəaliyyətinin stimullaşdırılması və yaxud həkimlərin bu sahəyə cəlb olunması üçün dövlət proqramı formatında hər hansı sənəd hazırlanmayıb:“Bölgələrdə yaradılmış publik hüquqi şəxslər timsalında müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi bəzi yerlərdə mövcuddur, bəzi yerlərdə isə bu istiqamətdə müəyyən addımların atılması nəzərdə tutulur. Dünyanın nüfuzlu ali tibb müəssisələrində çalışanlar üçün İcbari Tibbi Sığorta Agentliyi tərəfindən proqram hazırlanıb. Bu proqramda müvafiq olaraq 4500-5000 manat həcmində həvəsləndirici əlavə nəzərdə tutulub. Amma bu yalnız regionlar üçün yox, ümumiyyətlə bu tip tibb təhsili olan şəxslərin müəssisələrdə işlərə cəlb olunması üçün nəzərdə tutulub. Amma bu da öz növbəsində, dediyimiz kimi, kompleks şəklində belə bir hal nəzərdə tutulması mənasına gəlmir”.

Millət vəkili həmçinin vurğulayıb ki, bunun üçün bir neçə stimullaşdırıcı addımın atılması mühüm nəticə verər: “Tibb Universitetini bitirmiş və ya rezidenturanı başa vurmuş şəxslərin təyinat məsələsi ilə müvafiq bölgələrə yönləndirilməsi zamanı gənc həkimlərə bölgələrdə rayon icra hakimiyyətləri və mərkəzi icra orqanlarının bu prosesdə aparıcı rol oynaması ilə birlikdə Mənzil İnşaat Dövlət Agentliyinin bölgələrdə inşa etdiyi binalarda gənc həkimlərə yüngül şərtlərlə evlərin verilməsi stimullaşdırılarsa, bu istiqamətə axını təmin etmək olar”.

“Bundan başqa, regionlarda həkim çatışmazlığı olan yerlərdə icbari tibbi sığortanın bonuslar hesabına həvəsləndirici əlavələrinin miqdarının və faiz nisbətinin artırılması həmin həkimlərin daha çox gəlir əldə etməsinə səbəb olacaq, bununla da bölgələrə axını stimullaşdırmaq mümkün olacaq”, - deyə M.Məmmədli diqqətə çatdırıb.

Nəzrin Abbas

E-saglam.az

Dövlət

Seçilən
14
e-saglam.az

1Mənbələr