AZ

Nəqliyyatdakı yeni sistem bu problemləri həll edəcək

Azərbaycanda şəhərdaxili avtobus sərnişindaşımalarında Brutto müqavilə sistemi tətbiq ediləcək. Bəs Brutto müqavilə nəqliyyat sahəsi üçün nə vəd edir? Nəqliyyat eksperti Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, Brutto müqavilə ümumilikdə ictimai nəqliyyat daşıyıcılarının dayanıqlı fəaliyyətini təmin edəcək və şəhərdə ictimai nəqliyyatın daha keyfiyyətli xidmət göstərməsinə şərait yaradacaq: “İndiyə qədər bütün sistem sərnişin ödənişi üzərində qurulmuşdu və bu, dayanıqlı deyildi. Xidmət keyfiyyətində, qrafiklərdə problemlər müşahidə olunurdu, axşam saatlarında avtobus tapmaq çətinləşirdi. Yeni müqaviləyə əsasən, dövlət hər kilometrə görə daşıyıcılara subsidiya verəcək və onlara qarşı tələblər daha sərt olacaq. Bu dəstək əsasən elektriklə və təbii qazla işləyən avtobuslara yönələcək. Bu, daha keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaradacaq. Düşünürəm ki, bu, Azərbaycan ictimai nəqliyyatında tarixi bir hadisədir və bütün ölkənin ictimai nəqliyyatına təsir göstərəcək”. R.Ağamirzəyev qeyd edib ki, layihə yalnız Bakı üçün deyil, həm də Abşeron, Sumqayıt, Gəncə və işğaldan azad olunmuş Xankəndi, Ağdam, Şuşa, Laçın kimi şəhərlər üçün nəzərdə tutulub. Növbəti illərdə bütün ölkə ərazisində tətbiqi planlaşdırılır: “Bu sistem dünyada illərdir tətbiq olunur. İlk dəfə 1986-cı ildə London şəhərində istifadəyə verilib. Gələn il Londonda bu sistemin tətbiqinin 40 ili tamam olacaq. Moskva və Tbilisi də artıq bu sistemə keçiblər. Bu, həm ictimai nəqliyyat, həm də daşıyıcılar üçün xoş xəbərdir. Avtoparkın yenilənməsi üçün risklər azalacaq. Bir tərəfdən sərnişin ödəniş edir, digər tərəfdən dövlət subsidiya verir, banklar da kredit ayırmağa daha həvəsli olacaq və bu, avtoparkın daha sürətlə yenilənməsinə imkan yaradacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
1
metbuat.az

2Mənbələr