"Zirə" ötən tur "Qarabağ"la görüşdə qələbəni son dəqiqələrdə əldən vermişdi - 1:1.
Bu dəfə elitada qalmaq uğurunda mübarizə aparan "Şamaxı" qarşısında son dəqiqələrdə məğlubiyyətdən xilas oldu.
Hər iki matçda da dramatik gedişatın alınmasında Tiaqo Silvanın "əməyi" var.
"Kəhər atlar"la matçda məhz onun kobud xətasından sonra Kadi Borges hesabı bərabərləşdirmişdi. Bununla da qızıl dəyərində 3 xal əldən çıxmışdı.
Bu dəfə 25 yaşlı kiper daha betər səhvlə yadda qaldı.
Kərim Rossin uzaq məsafədən vurduğu ötürməvari zərbəsinə mane ola bilmədi. "Qarabağ"la görüşdə olduğu kimi mövqe səhvi Tiaqonu çətin duruma saldı.
Onun günahını isə bu dəfə Martins Junior qısa müddətdə dubl etməklə yumuş oldu.
Görünən odur ki, legioner limitinin ləğvindən sonra əcnəbi qapıçı özünü suda balıq kimi hiss edir.
Ötən mövsümü ehtiyatda keçirməsinin dadını eninə-boyuna çıxır.
Bu qədər rahatdır yəni.
Mənim tanıdığım Rəşad Sadıqov Tiaqonun vecsizliyinə daha çox dözəcək adam deyil.
Bir də gördün yenidən Aydın Bayramovu əsas heyətə, Tiaqonu isə yanına qaytardı.
XANOĞLAN İMANOV