“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin “Qadın Təşəbbüs qruplarının yaradılmsı” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə qalib olmuşdur.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağda və Şərqi Zəngəzurda – Xankəndi, Şuşa və Laçında uğurla həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən Qarabağ və Şərqi Zəngəzurda qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və sosial proseslərdə iştirakına dəstək verməkdir. Uzun illər məcburi köçkün icmaları ilə işləyən ictimai birlik “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən artıq fəaliyyətini azad edilmiş, qurulan və inkişaf edən ərazilərdə davam etdirir.
Layihənin məqsədinə uyğun olaraq Xankəndi, Qarabağın mədəniyyət paytaxtı olan Şuşa, Şərqi Zəngəzurun incisi Laçında qadınlarla görüşlər təşkil edilmişdir. Müxtəlif idarə və müəssisələrdə çalışan, təqaüddə olan ziyalı qadınlarla görüş keçirilmişdir. Görüşlərdə Xüsusi Nümayəndəliklərin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətli şəxsləri, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə, Qarabağ Universitetinin müəllimi, layihənin eksperti Nigar Ramazanova iştirak etmişdir. Layihədə hər bir region üçün nəzərdə tutulan görüşlər başa çatdıqdan sonra Laçın, Şuşa və Xankəndi qadınlarının şəbəkələşmə görüşü baş tutmuşdur. Şəbəkə görüşünün əsas məqsədi layihənin fəaliyyətlərinin həyata keçirildiyi Laçın, Şuşa və Xankəndi qadınları arasında dəyər yaradan münasibətlər qurmaq, yəni hər 3 regionun nümayəndələri digərlərinin təcrübəsindən istifadə edərək öz bilik, bacarıqlarını inkişaf etdirməli, lazımi şəxslərin dəstəyini ala bilməli, eyni zamanda öz təcrübəsini həmin şəxslərlə paylaşaraq qarşılıqlı maraqlara söykənən münasibət qurmalı, ehtiyac yarandığı zaman lazım olan dəstəyi və təcrübəni bir-birlərindən əldə edə bilmələridir.
Görüşdə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə çıxış edərək şəbəkələşmənin çox vacib olduğunu və hər region üzrə bir nəfərin məsul şəxs olaraq seçilməsinin və beləliklə qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətindən danışdı. Görüş zamanı maraqlı təkliflər səsləndi: Şuşada tez-tez keçirilən festifallarda iştirak, Laşında həftəbazarlarda əl işlərinin satışı, məktəblilərin istehsal müəssisələrinə ekskursiyası, qadınların və uşaqların köçdən sonra adaptasiyası ilə məşğul olmaq, maarifləndirməni genişləndirmək və s. Beləliklə yaxın 3 şəhərin nümayəndələrinin qarşılıqlı işləməsinin Qarabağın və Şərqi Zəngəzurun iqtisadi, sosial və mədəni inkişafına töhvə verə biləcək məsələlər bu qrupların əsas fəaliyyətinə çevrilməsi maraqla qarşılandı. Görüşdə iştirak edən Qarabağ Universitetinin Dil mərkəzinin müəllimi, layihənin eksperti Nigar Ramazanova onların universitetlə əlaqələrinin qurulmasını öhdəlik olaraq üzərinə götürdü.
Görüşün keçirilməsində dəstək olan Xankəndi, Şuşa, Laçın Xüsusi Nümayəndəliklərinə və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə minnətdarlığımızı bildiririk.