“Arzulayıram ki, kaş atam indi də yanımızda olardı, şəkildəki kimi onu qucaqlayardım. Varlığını hiss edərdim. Kaşki hər şey gerçək olardı. Mən atamdan, atalı dünyamdan doymadım. Atamla bağlı bütün arzularım ürəyimdə qaldı. Həyatımın atamla bağlı hissəsi yalnız kaşkilərlə doludur. Ürəyimdəki o boşluq bir ömür mənimlədir”
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib. O daha sonra əlavə edib:
“Müəyyən səbəblərə görə atamızla çox az-az görüşürdük. Onun heç bir sözü atamı görməməyə təskinlik vermirdi. Hər zaman deyirdim ki, “ata, sənin üçün darıxmışam”. Zəng edirdim, danışırdıq. Atam sağ olandan indiyə kimi və bir ömür boyu günahlandırdığım insanlar var və onları bağışlamayacam. Amma bununla belə atam dünyasını dəyişəndən sonra bizə dəstək olanlar qohumlar da oldu. Əməkdar artist Vahid Əliyev xalamın həyat yoldaşıdır. İstər ana, istərsə də ata tərəfimizin qohumları ilə çox yaxşı münasibətimiz var. Atamın dostları da vəfalı çıxdı. Bir çox dostları ilə ailəvi münasibətimiz hələ də qalır. Bir-birimizin evinə gedib-gəlirik, məclislərdə bir oluruq” deyə müğənninin qızı bildirib.

Rüfət Mehdiyevin qızı bildirib ki, atası yaxşı ki, şou-biznesin bu vəziyyətini görmədi:
“Efirlər də, mahnılar da çox bayağılaşıb. Baxmaq mümkün deyil. Bu gün də atamın oxuduğu mahnılar məşhurdur. O vaxtın efirləri də, mahnıları da bir başqa idi. İndi elə bil ki, bazardır. Bayağılıq təbliğ olunur. Barmaqla sayılacaq qədər müğənnilərimiz var. Atam sağ olsaydı mövcud vəziyyət onu da narahat edərdi” deyə sənətkarın qızı bildirib.