Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi, politoloq Qələndər Muxtarlı olub.
O, ata-baba yurdu Göyçə mahalından, Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən söhbət açıb.
Q.Muxtarlı deyib ki, mənşəcə Oğuzların Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynayıblar. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumat verir.
O vurğulayıb ki, Qaraqoyunlular Dəniz xandan törəyənlərdir. Bu tayfanın qurduğu Qaraqoyunlu dövləti 1410-1468-ci illərdə mövcud olub. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqı daxil olub. Cahanşahın dövründə - 1453-1458-ci illərdə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində Qaraqoyunlu dövlətinin şərq sərhədləri Xorasana kimi genişlənib. Böyük bir ərazini əhatə edən Qaraqoyunlu dövləti dövründə Osmanlı Türkiyəsi ilə Azərbaycanın münasibətləri ən yüksək səviyyədə olub. 1467-ci ildə Cahanşahın vəsiyyəti ilə ailəsi Göyçə gölü ətrafına köç edib. Qaraqoyunlu dövlətinin süqutundan sonra da bu tayfa Göyçə ərazisində yaşayıb.
Q.Muxtarlı söyləyib ki, Azərbaycanla yanaşı, Türkmənistan, Türkiyə, İran, İraq, Suriya və Hindistanda da Qaraqoyunlu dövrünə aid memarlıq nümunələrinə rast gəlmək mümkündür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.