IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib.
İctimai Birlikdən Publika.az-a verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Qax rayonunda yerləşən "Eden" restoranının ərazisində 10 baş xallı Sibir maralının qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanıldığı faktı aşkarlanıb.
Xilas edilən marallar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya mərhələsindən keçiblər. Daha sonra əvvəlki tədbirlər nəticəsində xilas edilən 8 maral da daxil olmaqla ümumilikdə 18 baş maral sərbəst yaşam tərzi üçün zəruri olan bütün imkanlara və geniş əraziyə sahib Şamaxı Safari Parkı ekoloji qoruğunda təbiətə buraxılıb.