AZ

APL: 5 turda diqqətçəkən məqamlar

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Premyer Liqasında 5 tur geridə qalıb. Məğlubiyyətsiz “Zirə” 11 xalla liderdir. Hərəyə 10 xalı olan “Sumqayıt” və “Araz-Naxçıvan” müvafiq olaraq 2 və 3-cü sıraları bölüşür.

Mövsümün startı olduğu üçün klubların sıralamasında maraqlı məqamlar ortaya çıxır. Ötən mövsümdə olduğu kimi bu dəfə də “Qarabağ” startda artıq 2 dəfə xal itirib. Əsas diqqəti Çempionlar Liqasında olan “atlılar” son turda “Araz-Naxçıvan”a 5:0 hesabıyla qalib gəldi və yenidən çempionluğun əsas namizədi olduğunu göstərdi. Qurban Qurbanovun yetirmələrinin sərgiləndiyi oyunlara baxanda belə fikir yaranır ki, bu komanda istənilən rəqibi istənilən məqamda büdrətməyə qadirdir.

“Qarabağ”ın çempionatda digər komandalardan keyfiyyət və heyət baxımından dəfələrlə üstün olduğu aşkardır.

“Zirə” ötənilki stabil oyununu davam etdirir. Rəşad Sadıqov möhkəm, əzmkar kollektiv formalaşdırıb. “Şamaxı” ilə oyunda 5 dəqiqəyə geridönüş edən “qartallar” bu mövsüm “Qarabağ”a başağrısı olacağını indidən göstərib.

İlk qələbəsini “Sumqayıt” səfərində qazanan “Neftçi” 6 xalla 8-ci olsa da, 5 tura ümumi baxdıqda sərgilənən futbola görə ən yaxşılardandır. Komandanın əsas sıxıntısı qol yollarındadır. Bassala Sambu və Alessio Kurçi hələlik işindən tam öhdəsindən gələ bilmir. Epizodları yaradan, lakin sonluğu qoya bilməyən “ağ-qaralar” məhz bu duruma görə “5-lik”dən kənardadır.

Autsayder “Kəpəz” oyununa görə düzgün yerdədir. Dünən baş məşqçi Adil Şükürovla vidalaşan “sarı-göylər” komandanı durumdan çıxaracaq mütəxəssis axtarışındadır. Yerli və əcnəbi namizədlər var. Son qərarı rəhbərlik verəcək. Hər il olduğu kimi bu dəfə də baş məşqçi dəyişikliyindən sonra komandanın toparlanması gözlənilir.

Debütant “Karvan-Yevlax” ardıcıl xal itkiləri yaşayıq. Azər Həşimovun kollektivi mövsümə yaxşı başlasa da, son turlarda məğlubiyyətlər, heç-heçələr sıralanır. Komandanın oyununda da eniş var. “İmişli” ilə matçda epizod yarada bilməyən yevlaxlıların situasiyadan necə çıxacağı maraqlıdır.

Şən futbolu ilə seçilən “Qəbələ” çempionatda ən enerjili kollektivlərdəndir. Heyətində kifayət qədər gənc oyunçu olan “qırmızı-qaralar” sürətli futbolu ilə seçilir. Növbəti sınaqları “Qarabağ”a qarşı olacaq və “Qəbələ”nin potensialı məhz bu oyunda görünəcək.

“Sabah”, “Turan Tovuz”, “Şamaxı” qeyri-stabil nəticələrlə davam edir. “Sabah” və “Turan Tovuz” avrokubok mübarizəsində əsas iddiaçılardan olacaq. “Şamaxı” isə ötənilki kimi liqada qalmağa oynayacaq və 5 tura baxanda sərgilənən oyun hədəfə çatmaqda çətinlik yaşanmayacağını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
futbolpress.az

1Mənbələr