AZ

TRAMPIN ADAMI PUTİNİN QORXUNC NİYYƏTİNİ AÇIQLANDI “Hitlerin 1938 ci ildə Münhendə dediklərini xatırladır...Dərhal qarşısı alınmalıdır”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Putin və Rusiyaya ekspansionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”. 

Bu fikirləri ötən həftəsonu ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq səsləndirib.

Kelloq çıxışında tarixi paralel apararaq vurğulayıb: “Bu, mənə Hitlerin 1938-ci ildə Münhendə dediklərini xatırladır. O zaman Hitler yalnız Sudet vilayətini istədiyini bəyan edirdi. Ardınca Reyn bölgəsi, daha sonra Polşa və nəticədə II Dünya müharibəsi başladı. Tarix təkrar olunmur, amma ritmlənir. Bu gün Ukraynada da eyni ritmləri görürük. Ona görə də indi dərhal qarşısı alınmalıdır”.

Bu bəyanat əslində yalnız Ukraynanı deyil, BMT üzvü olan bütün postsovet respublikalarını da xəbərdar edən mesajdır. Kelloqun işarə etdiyi əsas məqam odur ki, Kreml ekspansionist niyyətlərini bir ölkə ilə məhdudlaşdırmır, uzunmüddətli hədəfi keçmiş imperiya sərhədlərinə qayıtmaqdır.

Putinin "qələbə nəzəriyyəsi" 

Məsələyə münasibət bildirən ABŞ-də fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutu (ISW) isə bildirir ki, Rusiya hərbi rəhbərliyi Putinin “qələbə nəzəriyyəsi”nə sadiqdir: “Bu nəzəriyyəyə görə, Rusiya Ukraynaya qarşı tükətmə müharibəsində üstün gələcəyinə inanır”.

Putin sentyabrın 18-də açıqlamışdı ki, Ukrayna cəbhəsində artıq 700 mindən çox rus hərbçisi yerləşdirilib. Bir gün əvvəl isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “faktiki olaraq bütün cəbhələrdə” irəliləyiş əldə olunduğunu bəyan etmişdi. 

Bu isə Kremlin strategiyasının mahiyyətini açır: yavaş, amma davamlı irəliləyiş, qarşı tərəfi resurs baxımından tükəndirmə və zaman faktorundan maksimum yararlanma.

Postsovet məkanını gözləyən təhlükə 

Bu prosesin postsovet ölkələri üçün nəticələri kifayət qədər risklidir. Kelloqun analoquna əsaslansaq, necə ki, Sudet vilayətindən başlayan ekspansionizm sonda bütün Avropanı müharibəyə sürüklədi, Ukrayna ilə başlayan Rusiya planları da regionun digər ölkələrinə yönələ bilər. Belə ki, 

-Baltikyanı dövlətlər artıq NATO çətiri altında olsalar da, Rusiya təhdidini hərbi və kiber müstəvidə hiss edirlər;

-Qafqaz regionu isə xüsusilə həssasdır: burada həm enerji marşrutları, həm də geosiyasi balans Moskvanın maraq dairəsinə daxildir;

-Mərkəzi Asiya ölkələri iqtisadi və təhlükəsizlik baxımından hələ də Kremlin təsirindən tam qurtula bilməyiblər.

Bütün bunlar göstərir ki, Kremldəki ekspansionist yanaşma yalnız Ukrayna ilə məhdudlaşmır – məqsəd daha genişdir.

Bu şəraitdə Qərbin mövqeyi həlledici olacaq. ABŞ və Avropa İttifaqı Kiyevə hərbi və maliyyə dəstəyi göstərməkdə davam etsə də, Kremldəki hesablamalara görə, zaman keçdikcə bu dəstək zəifləyə bilər. Putin də məhz buna güvənir: uzunmüddətli müharibə ilə Qərbin siyasi iradəsini zəiflətmək.

Buna qarşı Qərbin strategiyası bir neçə istiqamətdə ola bilər:

-Ukraynaya dəstəyin davamlılığı – resurs axınını yalnız qısamüddətli deyil, orta və uzunmüddətli perspektivdə təmin etmək.

-Regional təhlükəsizlik zəncirinin qurulması – NATO və Aİ tərəfdaşlığı çərçivəsində postsovet məkanında yeni təhlükəsizlik formatlarının gücləndirilməsi.

-İqtisadi təzyiqlər – sanksiyaların uzadılması və yeni texnoloji məhdudiyyətlərin tətbiqi ilə Rusiyanın resurs bazasını zəiflətmək.

Kelloqun “tarix ritmlənir” xəbərdarlığı əslində bütün region dövlətlərinə siqnaldır: əgər Kreml Ukraynada dayandırılmazsa, növbəti hədəfi digər postsovet ölkələri ola bilər. Bu baxımdan, regional dövlətlər – o cümlədən Cənubi Qafqaz ölkələri – öz milli təhlükəsizlik konsepsiyalarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalırlar.

Putinin ekspansionist siyasəti artıq qlobal təhlükəsizlik sisteminə birbaşa təhdid kimi qəbul olunur. Tarixi paralellər göstərir ki, “kiçik irəliləyişlər” sonradan böyük müharibələrə yol aça bilər. Bu səbəbdən, Qərbin və region ölkələrinin yeganə çıxış yolu birgə müqavimət və koordinasiyalı təhlükəsizlik strategiyasıdır. Əks halda, Moskvanın yavaş, amma sistemli planı uğur qazana bilər.

Elman

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
azpolitika.info

1Mənbələr