AZ

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Əlaqələrin gücləndirilməsi: Enerji sektorunda regional imkanlar” mövzusunda panel sessiyası keçirilib

Finss.az - Panel sessiyası çərçivəsində enerji və yaşıl keçid mövzularında panel müzakirələr təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edib. Növbəti sessiya çərçivəsində beynəlxalq ekspertlər və aparıcı şirkət rəhbərləri enerji, nəqliyyat, yaşıl keçid üzrə müzakirələr aparıblar.

“Əlaqələrin gücləndirilməsi: Enerji sektorunda regional imkanlar” mövzusunda keçirilən panel sessiyada Səudiyyə Ərəbistanının “Aramco Ventures” şirkətinin baş icraçı dir vəektoru Mahdi Al Adel və “Silk Way West Airlines” şirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer uğurlu təcrübələrinə dair fikirlərini bölüşüblər.

“Falco Global Partners” şirkətinin idarəedici tərəfdaşı və sədri, GE International şirkətinin sabiq prezidenti və baş direktoru Nani Bekkalli Falko Azərbaycanın kapital bazarının iqtisadi artım və sənayeləşmənin mühüm hərəkətverici qüvvəsi kimi rolu, investisiya imkanları, beynəlxalq tərəfdaşlıqların əhəmiyyəti və regionda davamlı inkişaf strategiyaları mövzusunda məruzə ilə çıxış edib.

“The European House – Ambrosetti” beyin mərkəzinin idarəedici partnyoru Valerio De Molli Azərbaycanın kapital bazarlarının iqtisadi artım, sənayeləşmə və beynəlxalq tərəfdaşlıqlar üçün imkanlarını diqqətə çatdırıb.

Sessiya çərçivəsində “The European House – Ambrosetti”nin assosiasiya partnyoru Alessandro Vivianinin moderatorluğu ilə “Rəqabətqabiliyyətli və dayanıqlılıq: Yaşıl keçid mərkəzi kimi Mərkəzi Asiya və Cənubi Qafqazın rolu” mövzusunda panel müzakirələr keçirilib. Panel müzakirələrdə energetika naziri Pərviz Şahbazov regionun enerji sahəsində rəqabət imkanları, Xəzər dənizində enerji sərmayələri, bərpa olunan enerji üzrə investisiya imkanları barədə məlumat verib. Tədbirdə enerji və yaşıl keçid üzrə qarşılıqlı strateji əlaqələrin inkişafı müzakirə olunub.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, Çinin “Hao Capital” şirkətinin təsisçisi, “Star Charge International” şirkətinin sədri Çarls Yanşenq Liu, “ACWA Power” şirkətinin ölkə rəhbəri Selim Güven, BƏƏ-nin “Masdar” şirkətinin MDB ölkələri üzrə İnkişaf və investisiya bölməsinin rəhbəri Maryam Al Mazrouei, “Emirates Waste to Energy” şirkətinin biznesin inkişafı üzrə rəhbəri Giuseppe Musico, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli panel müzakirələrdə sualları cavablandırıb, mövzulara dair fikirlər səsləndiriblər.

Ekspertlər qeyd ediblər ki, Mərkəzi Asiya və Cənubi Qafqaz zəngin enerji resursları və strateji coğrafi mövqeyi ilə yalnız tranzit məkanı deyil, həm də yaşıl keçidin aparıcı mərkəzinə çevrilmək potensialına malikdir. Regionda bərpa olunan enerji layihələrinin artması, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı nəqliyyat şəbəkələrinin qurulması bu ölkələrin rəqabət qabiliyyətini gücləndirir. Ekspertlər hesab edirlər ki, investisiyaların cəlbi və regional əməkdaşlığın dərinləşdirilməsi sayəsində Mərkəzi Asiya və Cənubi Qafqaz qlobal enerji xəritəsində strateji əhəmiyyətini daha da möhkəmləndirəcək.

Seçilən
5
2
fins.az

3Mənbələr