İndoneziya hökuməti paytaxtın Cakartadan Nusantaraya köçürülməsini 2028-ci ilə qədər tam başa çatdırmağı hədəfləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bu barədə prezident aparatının rəhbəri Məhəmməd Kodari məlumat verib.
Onun sözlərinə görə, yeni paytaxtda yalnız prezident sarayının deyil, qanunverici və məhkəmə institutlarının da olması vacibdir:
“Hakimiyyətin hər üç qolu Nusantarada təmsil olunmalıdır ki, hökumət səmərəli fəaliyyət göstərə bilsin”.
Kodari bildirib ki, Prezident Prabovo Subiantonun göstərişi ilə bütün zəruri dövlət binalarının inşası 2028-ci ilə qədər yekunlaşdırılacaq.
Bu addım Nusantaranın tamhüquqlu dövlət idarəçiliyi mərkəzinə çevrilməsinə imkan verəcək.
Xatırladaq ki, sabiq prezident Coko Vidodo 2019-cu ildə paytaxtın köçürülməsi ideyasını irəli sürmüşdü. Layihənin ilkin mərhələdə 2024-cü ilə qədər Kalimantan adasında həyata keçirilməsi nəzərdə tutulurdu və təxminən 32 milyard dollar büdcə ayrılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən işlər ləngimişdi.