AZ

Simonyanın gəlişi nələrə təsir edəcək — Siyasətçi danışır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan sentyabrın 19-dan 21-dək Bakıda səfərdə olub. O, rəhbərlik etdiyi nümayəndə heyəti ilə üçüncü təhlükəsizlik forumunda iştirak edib. Bu, son illərdə ən yüksək səviyyəli erməni rəsmisinin Azərbaycana etdiyi ilk rəsmi səfər kimi diqqət çəkir.

Bu səfəri Cənubi Qafqazda Rusiya və Qərbin maraqları fonunda necə şərh etmək olar?
Təhlükəsizlik məsələlərində dialoqun başlaması sərhədlərin açılması və digər humanitar məsələlərə də təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi ekspert Elşən Manafov bildirib ki, Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın Bakıda, bu günlərdə keçirilən 3-cü Beynəlxalq təhlükəsizlik forumunun işində iştirakı tərəflər arasında perspektiv münasibətlərin, habelə regionun təhlükəsizlik və nəqliyyat, logistika məsələlərinin həllində tərəflərin əməkdaşlıq imkanlarının müəyyən edilməsi kontekstində böyük maraq doğurub.

“Bəllidir ki, münaqişənin başlandığı dövrdən bu, Ermənistanın yüksək səviyyəli rəsmisinin Bakıya ilk səfəri olmuşdur. Səfərin Vaşinqton razılaşmalarından dərhal sonra baş tutması göstərir ki, tərəflər arasında dayanıqlı sülhün əldə edilməsi perspektivləri böyükdür və Ermənistan siyasi rəhbərliyinin məlum razılaşmaların fonunda verdiyi açıqlamalar, habelə atdığı addımlar Ermənistanın özündə də sülh tərəfdarlarının günbəgün artmasından xəbər verir.
Ermənistanda hakim partiyanın 7-ci ümumrespublika toplantısında Paşinyanın yenidən partiya lideri olaraq müəyyən edilməsi və onun Ermənistanda 4-cü Respublikasının qurulması uğrunda strategiyanın mahiyyəti ilə bağlı məsələlər ətrafında verdiyi açıqlamalar göstərir ki, ölkənin siyasi rəhbərliyi qarşısına qoyduğu məsələlərin həllinin məhz Azərbaycanla yeni tipli münasibətlərin xarakterindən asılı olacağının mahiyyətinə varır.

Ölkənin Təhlükəsizlik Xidmətinin rəisinin bu mühüm hadisələr ərəfəsində Bakıya gəlişi ölkə rəhbərləri arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların təhlükəsizlik, xüsusilə sərhədlərin demarkasiyası, habelə Zəngəzur dəhlizi ətrafında nəqliyyat və logistika problemlərinin həlli istiqamətində müvafiq qurumlar qarşısında duran vəzifələrə aydınlıq gətirilməsi ilə bağlı ehtiyacdan irəli gələ bilər. Tərəflər arasında danışıqlarda əldə edilmiş razılaşmalar şübhəsiz ki, regionun təhlükəsizlik, o cümlədən sərhədlərin perspektiv durumu ilə bağlı məsələlərə təsirsiz ötüşməyəcək”.

Dəniz Pənahova

Seçilən
7
tribunainfo.az

1Mənbələr