
Rusiya lideri Vladimir Putinin “barmağı nüvə düyməsindədir” və təsadüfi müharibə riski günü-gündən artır.
Reyting.az xəbər verir ki, bunu strateji hərbi kəşfiyyat üzrə analitik və ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin keçmiş zabiti Rebeka Koffler “The Telegraph” üçün yazdığı təhlildə bildirib.
Qeyd olunur ki, cümə günü Rusiyanın üç “MiQ-31” təyyarəsi NATO üzvü olan Estoniyanın hava məkanını pozub. Bu, Polşa və Rumıniya üzərində baş verən son dron insidentlərindən sonra Kremlin növbəti təxribatıdır.
Koffler xəbərdarlıq edir ki, bu cür hərəkətlər Putinin təhlükəli oyununun bir hissəsidir, məqsədi NATO-nun reaksiyasını yoxlamaq və Avropanı onun suverenliyinin pozulmasına qarşı həssaslaşdırmaqdır.
Analitikin fikrincə, təhlükə daha ciddidir:
“Ötən həftə Rusiya irimiqyaslı “Qərb-2025” təlimləri keçirdi və bu təlimlər simulyasiya edilmiş taktiki nüvə zərbəsi ilə nəticələndi. Təlimi Vladimir Putin şəxsən müşahidə etdi”.
Koffler əlavə edib ki, bu gün nüvə müharibəsi riski ən yüksək həddədir:
“Ağlasığmaz şey, çoxlarının etiraf etmək istədiyindən daha realdır. Rusiya nüvə silahının məhdud istifadəsi üçün ssenarilər tətbiq edir, Putin və Baş Qərargah onlara təkcə çəkindirici vasitə kimi deyil, həm də əsl döyüş vasitəsi kimi baxır. Üstəlik, Moskva ilə Qərb arasında etimadın olmaması, mütəmadi təxribatlar, paralel olaraq NATO-Rusiya təlimləri təsadüfi eskalasiya üçün təhlükəli şərait yaradır. Vəziyyət 1983-cü ildə Sovetlərin şübhələri ucbatından dünyanın nüvə müharibəsi astanasına düşdüyü “Able Arxer” təlimləri zamanı böhranı xatırladır. Bu gün Ukraynadakı müharibə, Rusiya ilə NATO arasında birbaşa əlaqə kanallarının olmaması və qarşılıqlı hücum planlarında ittihamlar fonunda “müharibə dumanı” ölümcül ola bilər”,- deyə Koffler xəbərdarlıq edib.
Koffler düşünür ki, yanlış hesablamanın faciəvi nəticələrə gətirib çıxarma ehtimalı olduqca realdır.
Bundan əvvəl “Die Welt” nəşri yazıb ki, Rusiya pilotsuz təyyarələrinin, daha sonra isə döyüş təyyarələrinin NATO hava məkanına daxil olması Putinin müharibəni tezliklə bitirmək niyyətində olmadığına dair Qərbə açıq mesajıdır.
N. ORUCOV