AZ

Azərbaycan Basketbol Federasiyasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Basketbol Federasiyasının (ABF) nümayəndələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) sədri Araz Paşayev, ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov və digər məsul şəxslər iştirak ediblər.

Görüşdə “Gəncə” basketbol klubunun fəaliyyət istiqamətləri və inkişaf planları müzakirə olunub. Yekun qərara əsasən klubun idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə həvalə edilib. Bu addımın atılmasında əsas amil son üç mövsümdə klubun göstərdiyi uğurlu nəticələrdir. Belə ki, komanda 2022/23 mövsümündə Azərbaycan Basketbol Liqasında finala yüksəlib və həmin mövsümdə Azərbaycan Kubokunu qazanıb. Son mövsümdə isə uğurlu çıxışını davam etdirərək B qrupundan A qrupuna yüksəlib.

Klubun inkişaf perspektivlərini gücləndirən digər amillərdən biri də Gəncə şəhərinin ölkənin ikinci böyük şəhəri, mühüm sənaye, ticarət və mədəniyyət mərkəzi olmasıdır. Həmçinin bu il MDB Oyunlarının məhz burada keçirilməsi və şəhər əhalisinin idmana göstərdiyi yüksək maraq klubun gələcək uğurlarına əlavə stimul verir.

Qeyd edək ki, “Gəncə” basketbol klubu 2025/26 mövsümündən etibarən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının idarəçiliyi altında fəaliyyət göstərəcək. Görüş zamanı, həmçinin klubun Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına üzvlüyü məsələsi də müzakirə olunub.

Seçilən
1
2
ikisahil.az

3Mənbələr