AZ

“Qızıl top”un Azərbaycan təmsilçisi: İki il öncə Dembelenin nə vaxtsa bu mükafatı qazanacağı heç kimin ağlına gəlməzdi

Bakı, 23 sentyabr, AZƏRTAC

İki il öncə Usman Dembelenin nə vaxtsa “Qızıl top”u qazanacağını kim düşünə bilərdi?

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qızıl top”un Azərbaycan üzrə təmsilçisi Rasim Mövsümzadə Fransa millisinin və PSJ klubunun futbolçusu Usman Dembelenin karyerasında ilk dəfə bu mükafatı qazanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, fransalı hücumçu həmişə istedadı ilə seçilib: “Təsadüfi deyil ki, “Renn”in əsas komandasında ilk mövsümdən dərhal sonra Dortmund “Borussiya”sına keçib, orada da bir mövsüm oynadıqdan sonra 20 yaşında “Barselona”ya üz tutub. Kataloniya klubunda altı il keçirsə də, ümidləri doğrultmayıb və ən yaxşı halda 2018/2019-cu illər mövsümündə ümumilikdə 14 qol vurub.

2023-cü ildən çıxış etdiyi PSJ-nin tarixində ilk dəfə bu il Çempionlar Liqasını qazanması, Dembelenin UEFA tərəfindən turnirin ən yaxşı oyunçusu adına layiq görülməsi, həmçinin ötən mövsüm bütün turnirlərdə ümumilikdə 35 qol vurması “Qızıl top” uğrunda mübarizədə həlledici olub. Dembelenin bu uğurunun Azərbaycan üçün maraqlı cəhəti həm də odur ki, 28 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsindəki rəqibimiz Fransa millisinin də üzvüdür və bu komandanın heyətində 2018-ci ildə dünya çempionu olub. O, həmin mundialda ikisi (qrupda Avstraliya və Danimarka ilə) start heyətində olmaqla 4 matçda oynayıb.

Dembelenin 2025-ci ilin “Qızıl top”u uğrunda mübarizədə əsas rəqibi, ikinci olan Lamin Yamalın isə hələ 18 yaşı var. “Barselona”lı futbolçu qarşıdakı üç ildə bu mükafatı qazanmaqla 21 yaşında bunu bacarmış braziliyalı Ronaldonun rekordunu yeniləyə bilər”.

Qeyd edək ki, “Qızıl top” uğrunda mübarizədə “Barselona"sının üzvü Lamin Yamal ikinci, Usman Dembelenin komanda yoldaşı Vitinya isə üçüncü olub.

Seçilən
20
1
azertag.az

2Mənbələr