AZ

O, “Sabah”ın bu problemini həll etdimi?

Son iki oyunda meydanı qələbəsiz və qolsuz tərk edən “Sabah”ın Premyer Liqanın iddialılarından olan “Turan Tovuz”la oyunda hansı nəticəni qazanacağı maraqla gözlənilirdi.

“Sabah” hər zaman müdafiədən çıxış edən, praqmatik oyun sərgiləyən komandalarla oyunlarda çətinlik çəkib.

Bu, Murad Musayevin baş məşqçi olduğu dövrdə də belə idi, Krunoslav Renduliçin vaxtında da, Vasili Berezutskinin dönəmində də.

Valdas Dambrauskas “Sabah”da yeni olsa da, komandanın bu dərdinin hələ davam etdiyini avrokuboklarda “Levski” ilə matçda şahidi olmuşduq.

Belə ki, “Sabah” iki oyunun nəticəsinə görə mübarizəni dayandırdığı “Çelye” ilə matçlarda daha parlaq, inamlı təsir bağışlasa da, “Levski” ilə xüsusilə ikinci matçda bunun şahidi olmamışdıq.

Səbəb elə yuxarıda vurğuladığım kimi rəqibin oyun tərzi idi. Çempionatda da “İmişli” ilə matçda qapanan rəqib qarşısında çox çətinlik çəkmiş və bəlkə hələ ki, liqanın ən böyük sensasiyası qeydə alınmışdı (0:1).

Bu baxımdan Tovuz təmsilçisi ilə matçın da “Sabah” üçün asan olmayacağı bəlli idi.

Əsas səbəb isə rəqib komandanın iddiasından çox, sərgilədiyi futbol idi. Valdas Dambrauskas bu oyunda nəhayət, “5”-li müdafiədən imtina edərək, “Sabah”ın ənənəvi 4-2-3-1 taktiki düzlüşünə üstünlük vermişdi.

Komanda öyrəşdiyi düzülüşə keçdikdən sonra meydanda özünü suda balıq kimi hiss edirdi. “Sabah” ən yaxşı oyununu keçirməsə belə, rəqibə oyun boyu demək olar şans vermədi.

İlk hissədə də üstün olan “Sabah” bunu hücumlarda əks etdirə bilməsə də, fasilədən sonra demək olar, bir komandanın oyununun şahidi olduq. Yəni tablodakı hesab meydandakı oyunu tam əks etdirirdi.

“Sabah”ın yeni transferləri də artıq komandanın əsas heyətində möhkəmlənməkdədir. Vaxtilə “Omoniya”da Dambrauskasın rəhbərliyi altında çıxış etmiş Velko Simiç “Turan”la matçda meydanda ən yaxşılardan idi.

Təsadüfi deyil ki, “Sivasspor”dan icarəyə götürülmüş futbolçu yüksək səviyyədə keçirdiyi oyunda komandada ilk qolunu vurmağı bacardı.

Simiçin “Sabah”da son vaxtlarda əsas problemli mövqelərdən olan “10 nömrə” problemini həll edəcək səviyyədə futbolçu olduğunu deyə bilərik.

Qalır, serbiyalının “Turan”la oyundakı aktivliyini bundan sonra da davam etdirib, stabilliyi qurması. “Neftçi” ilə qarşılaşmada da aktiv olan Timoteuş Puxaç bu matçda da yaxşı təsir bağışladı.

Lakin Puxaçın hər iki oyunda 90 dəqiqə meydanda olmaması, onun fiziki hazırlığının hələ də tam yaxşı vəziyyətə çatmamasından xəbər verir.

“Sabah” çox vacib oyunda 3 xal qazandı. “Turan”ın bu komandanın avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olduğunu nəzərə alsaq, bu cür qələbələri 3 yox, 6 xallıq hesab edə bilərik.

Üstəlik, yuxarıda vurğuladığım kimi, “Sabah” “Turan” kimi möhkəm müdafiə xəttinə malik komandalarla görüşlərdə ciddi problemlərlə rastlaşdığını nəzərə alsaq, bu qələbənin qarşıdakı oyunlar üçün komandaya psixoloji üstünlük qazandıracağını da demək mümküdür.

OSMAN

Seçilən
8
sportinfo.az

1Mənbələr