Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada gedən müharibənin yaxın gələcəkdə başa çatacağına inanmır.Vətəninfo.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində bildirib.
“Ukrayna müharibəsinin tezliklə bitəcəyinə çox da inanmıram. Bu, pis xəbərdir”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri əlavə edib ki, Avropa Ukraynaya iqtisadi yardımı sonsuza qədər davam etdirə bilməyəcək və bu baxımdan Ukraynanın Rusiya ilə iqtisadi rəqabət aparması mümkün deyil.
Bununla belə, Ərdoğan qeyd edib ki, Ankara Ukraynaya dəstəyin davam edəcəyinə ümid edir.
Rusiya təxribatlarına cavab məsələsinə toxunan Ərdoğan, NATO-nun Polşa və Estoniya hava məkanında Rusiyanın təxribatlarına qarşı “Türkiyə modelindən” istifadə etməli olduğunu deyib.
“NATO bizim Rusiya və Ukrayna ilə münasibətlərdə istifadə etdiyimiz modeli tətbiq edə bilər. Biz bu bölgələrdə sülh modeli üzərində işləyirik”, – Ərdoğan bildirib.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas müharibənin ən azı iki il də davam edə biləcəyini söyləmişdi. Avropa mətbuatında yayılan xəbərlərə görə, bəzi Avropa rəsmiləri müharibənin yalnız Ukrayna və Rusiya liderlərinin dəyişməsindən sonra sona çata biləcəyini düşünür.