"İslam dinində bir kişinin eyni anda bir neçə xanımla ailə qurmasına icazə verilməsinin əsas səbəblərindən biri tarixi və sosial kontekstdə qadınların hüquqlarının qorunmasıdır. İslamdan əvvəlki dövrlərdə qadınlar çox zaman hüquqsuz vəziyyətdə olur, bir insan kimi deyil, əşya kimi qəbul edilirdi". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, o dövrlərdə qadınların iqtisadi və sosial istismarı, hüquqlarının məhdudlaşdırılması ilə nəticələnirdi: "İslam dini gəldikdən sonra insanlara Allahın göstərişləri çərçivəsində ədalətli və məsuliyyətli bir həyat tərzi təklif etdi. Qurani-Kərimdə bir kişinin eyni anda dörd xanımla ailə qura biləcəyi qeyd olunur amma burada diqqət yetirilməli əsas məqam ədalətdir. Ayədə bildirilir ki, bir kişinin bir xanımla ailə qurması ədalət baxımından daha uyğundur, çünki bir kişi ikinci, üçüncü və dördüncü xanımla ailə qursalar belə, hər bir xanımın hüquqlarını tam təmin etmək çox çətin olur. Yəni zahirən şəriət qaydalarına riayət olunsa da, əslində bəzən digər xanımların haqları pozula bilər.
Bu prinsip İslamın humanist mahiyyətini göstərir: hüquqların qorunması və ailədə ədalət hər şeydən önəmlidir. Həmçinin, bu yanaşma cəmiyyətin sosial sabitliyinə xidmət edir, ailə daxilində qarşılıqlı hörmət və məsuliyyətin vacibliyini vurğulayır. Azərbaycan Respublikasının qanunvericiliyinə baxdıqda isə yalnız bir xanımla rəsmi nikahın mümkün olduğu qeyd olunur. Digər evliliklər hüquqi baxımdan tanınmır və qanunsuz sayılır. Bu həm dini prinsiplərlə, həm də müasir hüquqi tələblərlə uzlaşır, cəmiyyətdə hüquqi və sosial nizamın qorunmasına xidmət edir. Beləliklə, İslamda çox evlilik yalnız xüsusi hallarda və ədalət prinsiplərinə riayət edilməklə mümkün olsa da, həm dini, həm də hüquqi baxımdan bir xanımla ailə qurmaq ən düzgün və tövsiyə olunan seçimdir".