Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.
Kulis.az APA - ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO - nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha da gücləndirir.