AZ

Bakıda uşaq Nurofendən şok keçirdi – Valideynlərin diqqətinə!

Uşaqlar üçün hərarətsalıcılar ən çox istifadə edilən təcili yardım preparatıdır.


Son zamanlar həm Qərbdə, həm də Rusiyada parasetamol və Nurofen barədə müxtəlif ziddiyyətli məqalələr, açıqlamalar yayılır. Belə ki, bu preparatların uşaqlarda kəskin vəziyyətlər yaratması və qaraciyərə toksiki təsiri barədə elmi sübutlar az deyil.



Medicina.az xəbər verir ki, pandemiyadan başlayaraq zaman-zaman apteklərdən bəzi vacib dərmanlar, o cümlədən Nurofen yoxa çıxır, sonra isə yenidən peyda olur.

Bu dəfə Nurofenin “qurbanı” 3 yaşlı uşaq olub. Belə ki, qızdırması olan uşağa valideynləri aptekdən alınan çiyələk dadlı Nurofen siropu verdikdən sonra onda kəskin qaşınma və səpmə ilə müşayiət olunan əks reaksiya baş verib. Uşaq təcili olaraq 1 saylı uşaq poliklinikasına aparılıb, orada əzələyə deksametazon inyeksiyası edilib. Lakin bu iynədən sonra vəziyyəti daha da pisləşib. Sonradan Ə. Qarayev adına 2 saylı uşaq xəstəxanasına çatdırılan uşağa sistem köçürülüb və vəziyyət nəzarət altına alınıb.

Valideyn bildirib ki, bir müddət apteklərdə Nurofen yox idi və onlar həmişə alman apteklərindən almağa məcbur olublar. Bu dəfə isə yaxınlıqdakı aptekdə Nurofen gördükləri üçün alıblar. Qutunun üzərində dərmanın çiyələk dadlı olduğu yazılıb. Məhz bu preparat uşağa kəskin reaksiya verib.



Valideynlər apteklərə gətirilən Nurofenlərin tərkibi və keyfiyyətindən şübhələnir. Ehtimallardan biri də məhz çiyələk əlavəsinin uşaqlarda allergiya yaratmasıdır. Çünki çiyələk özü allergendir. Apteklərdə bu dəfə yalnız çiyələkli Nurofenlər satışa çıxarılıb. Standart, qatqısız Nurofen isə hələ də yoxdur.

Valideynin sözlərinə görə, uşaq hələ də tam sağalmayıb. Allerqoloqlar problemi həll edə bilmir. Uşağa sistem köçürüldükdə səpkilər azalır, amma sonra yenidən yaranır. Qeyd edək ki, dərmanın allergik təsiri övrəyə səbəb olub.

Mövzu ilə bağlı Medicina.az -a açıqlamasında pediatr həkim Ülvi Əliyev bildirib ki, Nurofen ibuprofen tərkiblidir, lakin allergik reaksiya dərmanın özünə yox, tərkibindəki qatqılara bağlı ola bilər: çiyələk, portağal və s. əlavələr.



“Nadir də olsa belə hallarla rastlaşmışıq. Ümumiyyətlə, uşaqlar üçün qızdırmasalıcı yalnız Nurofen deyil, ibuprofen tərkibli başqa adlarda da dərmanlar var. Uşağa qatqısız formasını vermək olar. Amma bilmək lazımdır ki, orqanizmin reaksiyasından asılı olaraq hər bir dərman preparatı əks təsir göstərə bilər. Əgər uşaqda anafilaktik şok olmayıbsa, təngnəfəslik, ağız və dodaqlarda şişkinlik müşahidə edilməyibsə, antihistamin dərmanlar və maye qəbulu kifayətdir. Eləcə də dermatoloq, allerqoloq və pediatr müayinəsi mütləqdir”.

Bir müddət öncə Nurofenlə bağlı Avropada araşdırmalara başlanıldığı barədə məlumat vermişdik.

Nurofen kimi soyuqdəymədə istifadə olunan bənzər dərmanların bir sıra nadir beyin xəstəlikləri ilə əlaqəli ola biləcəyinə dair şübhələr alimlərin diqqətini çəkib. Məsələ ilə bağlı Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) araşdırmalara başlayıb. Agentlik mövcud sübutları nəzərdən keçirdiklərini və araşdırma nəticəsində psevdofedrin tərkibli dərmanlarla bağlı qaydaların dəyişdirilməsinin lazım olub-olmamasına qərar verəcəklərini bildirib.

Seçilən
4
2
yenilik.az

3Mənbələr