AZ

Qarabağda uğurlu antiterror əməliyyatı hərbi tariximizin parlaq səhifəsidir » AzadMedia.az


Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı


İkinci Qarabağ müharibəsində əldə edilən böyük Zəfərin davamı olaraq, 19-20 sentyabr 2023-cü ildə cəmi 23 saat ərzində müvəffəqiyyətlə lokal antiterror əməliyyatının keçirilməsi erməni separatizminin məhvinə və konstitusiya-hüquq nizamının bütün ölkə ərazisində bərpasına gətirib çıxardı.
Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, qisamüddətli “əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısında qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.”
Bir sutkandan da az müddətdə 406 kvadratkilometr ərazi düşməndən azad edilərək, Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Əməliyyat nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit-raket kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası ələ keçirildi.
İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, antiterror əməliyyatının gedişində Azərbaycan tərəfi ciddi şəkildə beynəlxalq humanitar hüquq normalarına riayət etdi. 12 avqust 1949-cu il tarixli Dörd Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklər nəzərə alınaraq, təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil edildi, qadınlar, uşaqlar, qocalar, habelə fiziki imkanları məhdud olan şəxslərə və xəstələrə lazımi yardımlar göstərildi. Bu addımlar əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan Respublikası hər zaman üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir.
Mühüm məqamlar sırasında Azərbaycan ərazisində qanunsuz yerləşən işğalçı Ermənistanın qoşun birləşmələrinin tam şəkildə tərksilah edilməsi, ölkə ərazisindən qovulması, marionet xunta rejiminin ləğvi və separatçıların rəhbərlərinin həbsi xüsusi olaraq qeyd edilməlidir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın dalğalanması ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasini bütöv dünya birliyinə bəyan etdi.


Seçilən
4
4
azadmedia.az

5Mənbələr