AZ

İğdırda türkiyəli rejissorun “Arazın o tayında” sənədli filmi nümayiş etdirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 23 sentyabr, AZƏRTAC

Türkiyənin İğdır vilayətində “Arazın o tayında” (“Arazın öteki yanı”) sənədli filminin nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır valiliyi və İğdır Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Sənədli filmdə Türkiyə-Ermənistan sərhədində Araz çayı ilə bölünmüş kəndlərin - Halıkışlak (Qars, Türkiyə) və Hacı Bayramın (Qərbi Azərbaycan) sakinlərinin faciəli taleyindən bəhs edilir.

Bir əsr əvvəl erməni silahlı dəstələrinin hücumları fonunda sonradan ermənilər tərəfindən Bağaran adlandırılan Hacı Bayram kəndinin sakinləri Araz çayını üzərək keçməyə və Türkiyəyə qaçmağa məcbur olublar.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır Universitetinin rektoru Ekrem Gürel, Iğdır valisinin köməkçisi Ahmet Nuri Demir və başqaları çıxış ediblər.

Ekrem Gürelin sözlərinə görə, xalqların tarixi yaddaşı və mədəni irsi dövlət sərhədləri ilə məhdudlaşmır. “Araz sadəcə bölgəmizdən axan çay deyil, həm də yaddaşın, mədəniyyətin, tarixin daşıyıcısıdır. Çayın o tayında baş verən tarixi proseslər, musiqi, adət-ənənələr ortaq irsimizin ayrılmaz hissəsidir. Bu mənada Araz çayı bizim üçün birlik və qardaşlıq rəmzidir”, - deyə İğdır Universitetinin rektoru bildirib.

Vali köməkçisi Ahmet Nuri Demir “Arazın o tayında” sənədli filminin nümayişində iştirak edənlərə təşəkkürünü bildirib. O deyib: “Bir xalqın irsini xatırlamaq və onu gələcək vətəndaş nəsillərinə ötürmək vacibdir. Bu, bizim ortaq məsuliyyətimizdir”.

Baş konsul Zamin Əliyev, öz növbəsində, Türkiyə ilə Azərbaycan arasında tarixi əlaqələrin sarsılmaz olduğunu vurğulayıb və sənədli filmin nümayişini iki xalqın yaxınlaşmasına daha bir töhfə adlandırıb.

Filmin rejissoru Ali Pirim Araz çayını türk xalqları üçün “həyat verən su” və “mədəniyyət mənbəyi” adlandırıb. “Təsadüfi deyil ki, bu bölgənin sakinlərinin çoxu “Araz” adını daşıyır”, -deyən filmin müəllifi Bağaran kəndini “zorla məhv edilmiş mədəni yaddaşın rəmzi” kimi xarakterizə edib.

Onun sözlərinə görə, kinorejissorlar “tarixi proseslərə körpüləri” yenidən qurmaq cəhdi ilə iki kəndin sakinlərinin nəvələri ilə söhbət ediblər.

Filmin nümayişi konsert proqramı ilə davam etdirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
azertag.az

3Mənbələr