AZ

Hava qəfil dəyişir: Hansı sürprizlərə hazır olmalıyıq? Ekspertlər danışır

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, yay fəslinin ilk ayları sərin keçməsi ilə payızı xatırlatdı. Sentyabrın əvvəli isə payız özünü göstərməmiş küləkli və yağıntılı oldu. 

Havaların soyumasının, yaydan payıza keçidin qəfil müşahidə edilməsi bir çox suallar doğurur: Bu il qış fəsli sərt keçəcəkmi? Hava şəraitindəki sərt dəyişikliklər fermerlərini işinə necə təsir edəcək? Ümumiyyətlə, fəsillərin gözlənilməz şəraitdə keçməsi nədən xəbər verir?

Ekoloq Qorxmaz İbrahimli Ölkə.az-a açıqlamasında bildirib ki, fəsillər nisbidir. Onun sözlərinə görə, bəzi yerlərdə ümumiyyətlə bu fəsillərdən danışılmır:

“Hava şəraitindən bir qədər narahat olduq” 

"Qış var, yaz var. Amma biz fəsilləri qış, yaz, yay və payız kimi adlandırmışıq. Dünyanın bəzi yerlərində isə hətta altı fəsil var. Onları insanlar öz şüurlarına, hava şəraitinə uyğun olaraq təsnifləşdiriblər. Qlobal istiləşmənin təsiri var. Son illərdə, əgər diqqət yetirsəniz, hətta Azərbaycan mətbuatında da son 15 ildə bu mövzu barədə daha geniş məlumatlar verilməyə başlayıb. Halbuki dünya hələ 1970-1980-ci illərdə qlobal istiləşmədən, havanın hərarətinin dəyişməsindən, illik orta temperaturun dəyişməsindən danışırdı və sair. Bunların hamısı iqlim dəyişikliyinə bizim cəmiyyət olaraq münasibətimizi göstərir.

Əvvəla, bu ilin yayı sərin keçdi. İyun ayı sərin olduğuna görə, şəxsən demişdim ki, bu yay çox isti keçməyəcək. İyul ayında sərt istilər oldu, amma bunlar əsasən iyunun sərinliyi ilə müqayisədə daha çox nəzərə çarpdı. Yəni iyundan iyula keçiddə istiləri kəskin şəkildə hiss etdik və bir qədər narahat olduq. Əslində isə, yay sakit və təbii şəkildə keçməli idi. İyun isti olmadığı üçün biz iyulun istisini daha güclü hiss etdik. Məsələn, gündəlik dənizə girən və uzun məsafə üzən biri olaraq dəniz suyunun çox da qızmadığını bu yay öz vücudumla hiss etdim.

Avqust ayı sərinləməyə başladı. Avqustun 10–20-si arası "quyruq doğan" dövrü hesab olunur və bu da quyruqlu ulduzun görünməsi ilə bağlıdır. Dədə-babadan bilinənə görə, avqustun 10-dan sonra gecələr sərinləşməyə, şeh düşməyə başlayır və sair. Bu, yalnız bizim coğrafiyaya, yəni Şimal yarımkürəsinin mülayim-subtropik qurşağına aid olan bir prosesdir".

“Oktyabr ayı mülayim, günəşli keçəcək, günəşli günlərimizin sayı çox olacaq”

Ekoloq qeyd edib ki, amma qəfil payıza keçid olmadı:

"Şimaldan arktik hava kütlələrinin daxil olması səbəbindən havalar sərinlədi və yağıntılı keçdi. Doğrudur, yay hələ tam bitməmişdi. Yəni bizim bildiyimiz kimi, sentyabrın 22-də bitməli olan yay daha erkən yağışlarla müşayiət olunaraq sərinləşməyə başladı və bu, bir qədər narahatlıq yaratdı. İndi isə hazırda payız fəslini yaşayırıq. Gələcək günlərdə də yeni yağıntılar olacaq, bu normaldır. Fikrimcə, oktyabr ayı mülayim, günəşli keçəcək, günəşli günlərimizin sayı çox olacaq. Amma önümüzdə yenə şimaldan soyuq hava kütlələrinin daxil olacağı gözlənildiyinə görə, havanın hərarəti bir az aşağı düşəcək və normal seyrində davam edəcək.

“Qışda qar yağmalıdır və hava soyuq olmalıdır. Hətta dondurucu soyuqlar da olmalıdır ki…”

Qışın sərt keçəcəyi proqnozunu vermək isə… Kaş ki qış sərt keçsə. Qışın sərt keçməsi nə deməkdir? Bol qar yağıntısı ilə keçməsi yaxşı olar. Qış, yəni qışın adı, qışda qar yağmalıdır və hava soyuq olmalıdır. Hətta dondurucu soyuqlar da olmalıdır ki, bunların hamısı həm insan sağlamlığına, həm də fauna və floraya faydalı prosesdir. Anomal soyuq olmayacaq, yəni sərt, qeyri-adi soyuq olmayacaq. Bol qar yağmasını isə sadəcə arzulamaq olar. Hələ ki, gedən proseslər göstərir ki, payız bol və yağıntılı olacaq. Payızdan qışa keçidimiz də ümid edirik ki, yenə şimaldan, ya Sibirdən gələn soyuq hava kütlələri ilə bərabər qar yağışı ilə müşayiət olunar".

Fermerləri nə gözləyir?

“Əgər yağış uzunmüddətli deyilsə…”

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə bu cür havanın kənd təsərrüfatına necə təsir edəcəyindən danışıb. Ekspert bildirib ki, ümumiyyətlə, indiki hava şəraiti payız iqliminə xarakterik olaraq uyğundur:

"Bitkilərə elə ciddi təsiri yoxdur. Gündüzlər 20 dərəcə isti olur. İndi mövsüm üçün, payız üçün normal havadır. Yəni havanın belə olması, demək olar ki, əksər meyvələr üçün uyğundur. Ondan sonra tərəvəzlər yığılıb yetişib, indi qalanlara da belə havanın heç bir ziyanı yoxdur. Mən düşünürəm ki, heyvandarlığa da ziyanı yoxdur. İndiyə kimi, demək olar ki, ot və yem məhsulları yetişib. Bundan sonra isə qarğıdalı sahələri biçiləcək, yığılıb toplanacaq. Bundan sonra, əgər yağış uzunmüddətli deyilsə, pambığa heç bir ziyanı yoxdur. Əgər yağışlar yağarsa, əlbəttə, yığıma müəyyən dərəcədə təsir edə bilər. Yox, əgər yağışlar intensiv xarakter alarsa və davamlı olarsa, bəzi məhsulların yığımında müəyyən problem ola bilər. Ümumilikdə isə heç bir ziyanı yoxdur".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
3
olke.az

4Mənbələr