AZ

Azərbaycana keyfiyyəsiz dərman gətirilir? Rəşad Mahmudov DANIŞDI

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son illər ölkədə satılan dərman preparatlarının keyfiyyəti ilə bağlı narazılıqlar artır. 

Vətəndaşlar ölkədə satılan dərman preparatlarının baha və təsirinin zəif olduğunu bildirir, xarici ölkələrdən dərman gətirməyə üstünlük verirlər. Onların sözlərinə görə, Bakıda fəaliyyət göstərən alman apteklərində satılan preparatlar digər apteklərlə müqayisədə daha keyfiyyətlidir. Həmçinin Gürcüstandan və ya Türkiyədən gətirilən dərmanların yerli bazarda satılanlardan keyfiyyətcə üstün olduğu iddia olunur. 

“Cebheinfo.az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son illərdə ölkədə satılan dərmanların keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Onun sözlərinə görə, dərmanların tərkibinə ölkə daxilində müdaxilə edilmir: 

“Bəzənbelə fikir formalaşır ki, Azərbaycana gətirilən preparatların tərkibinə müdaxilə olunur və onların təsiri digər ölkələrdə satılan dərmanlarla eyni olmur. Əslində, rəsmi qeydiyyatdan keçmiş və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən təsdiq olunmuş preparatların tərkibinə ölkə daxilində müdaxilə edilmir. Bu dərmanlar yalnız laboratoriya şəraitində yoxlandıqdan sonra bazara buraxılır. Problem daha çox qeyri-leqal yollarla gətirilən və ya aptek şəbəkəsindən kənar satışda olan preparatlarla bağlı ola bilər”. 

Rəşad Mahmudov qeyd edib ki, dərmanların effektivliyində fərq istehsal və saxlanma şərtləri ilə bağlı ola bilər: 

“Bəzi hallarda dərmanların effektivliyində fərq hiss olunması istehsal ölkəsinin standartları, logistika və saxlanma şərtləri ilə bağlıdır. Preparat düzgün temperatur, rütubət şəraitində daşınmadıqda və ya aptekdə saxlanma qaydalarına əməl edilmədikdə onların keyfiyyəti aşağı düşə bilər. Bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülür. Dərmanların qeydiyyatı və keyfiyyət ekspertizası beynəlxalq standartlara uyğun aparılır, apteklərdə mütəmadi monitorinqlər təşkil olunur, saxta preparatların dövriyyəsinin qarşısının alınması üçün hüquqi məsuliyyət sərtləşdirilib”. 

Deputat vurğulayıb ki, gələcəkdə daha şəffaf və etibarlı mühitin formalaşması üçün isə əlavə addımlar vacibdir: 

“İlk növbədə, hər bir dərmanın mənşəyi və keyfiyyəti barədə vətəndaşlara QR kod vasitəsilə onlayn yoxlama imkanı yaradılmalıdır. Eyni zamanda, dərmanların daşınması və saxlanması üzərində nəzarət gücləndirilməli, bazarda rəqabət artırılmalıdır ki, keyfiyyətli və əlçatan preparatlara çıxış daha da genişlənsin. Əsas məqsəd odur ki, vətəndaşlar yalnız qiymət baxımından deyil, həm də keyfiyyət və etibar baxımından dərman bazarına tam güvənə bilsinlər”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

dərman Rəşad Mahmudov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
cebheinfo.az

3Mənbələr