AZ

İstanbulun simvolu – Dikilitaş: Tarixin sükuta bürünmüş şahidi

Türkiyə, təkcə coğrafi mövqeyi ilə deyil, həm də minilliklərə söykənən tarixi və zəngin mədəni irsi ilə dünyanın ən çox maraq göstərilən turizm mərkəzlərindən birinə çevrilib. Son on ildə ölkəyə turist axınının əhəmiyyətli dərəcədə artması isə təsadüfi deyil – həm dövlətin turizmin inkişafı üçün apardığı uğurlu siyasət, həm də bu qədim torpaqların öz cazibəsi bunda mühüm rol oynayır.

Bu gün dünyanın hər yerindən səyahətçilər, sənətkarlar, tarix həvəskarları və bloqerlər Türkiyəyə axışır. Onlar min illərin izlərini daşıyan abidələri, mətbəxi, musiqisi, təbiəti və insanlarının qonaqpərvərliyini kəşf edir, paylaşır, sevərək təkrar-təkrar bu torpaqlara qayıdırlar.

Biz də Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan jurnalistlər qrupu ilə birlikdə Türkiyə Mədəniyyət  və Turizm Nazirliyinin, Türkiyə Turizm Tanıtım ve Geliştirme Ajansının (TGA) təşkilatçılığı və dəvəti ilə  İstanbulda səfərdə olduq. Bu səfər boyu İstanbulun zəngin mədəniyyətini, özündə saysız-hesabsız dövrlərin izlərini yaşadan abidələrini, tarixin sükuta bürünmüş hekayələrini bənzərsiz bir hisslə izlədik.

image-5

İstanbulda saysız-hesabsız abidələr var: Ayasofya, Sultan Əhməd məscidi (Mavi Məscid), Topqapı Sarayı, Yerbatan Sarnıcı… Lakin bu zənginliyin ortasında bir abidə var ki, şəhərin sanki susaraq danışan şahididir – Dikilitaş, yəni Obelisk.

image-4

Sultanahmet Meydanında, bir zamanlar Bizansın məşhur Hipodromu olan tarixi ərazidə ucalan bu qədim qranit sütun, öz varlığı ilə minillikləri birləşdirir. İndi turistlərin gəzib şəkil çəkdirdiyi bu meydanda bir zamanlar at yarışları, imperator qarşılamaları, xalq bayramları keçirilirdi. Bütün bu hadisələrə şahidlik etmiş abidə bu gün də yerində dayanır – zamana meydan oxuyaraq.

image-6

Dikilitaşın hekayəsi İstanbulda başlayıb bitmir. O, eramızdan əvvəl XV əsrdə Misir fironu III Tutmos tərəfindən ucaldılıb. Əvvəlcə Nil vadisinin möhtəşəm Karnak məbədində yerləşən bu qranit sütun, Roma imperatoru I Theodosius tərəfindən IV əsrdə Misirdən İstanbula gətirilib. Təxminən 390-cı ildə hazırkı yerində – Sultanahmet (At Meydanı) meydanında yerləşdirilib.

Obeliskin hazırlanmasında istifadə edilən qırmızı qranit, onun əsrlərə qarşı davamlı qalmasının əsas səbəblərindən biridir. Təxminən 20 metr hündürlüyündə olan bu tarixi sütun, öz təməli ilə birlikdə 25 metrə çatır. Üzərindəki hiyeroglif yazılar isə firon Tutmosun gücünü, döyüşlərini və allahlarla olan əlaqəsini təsvir edir – sanki daşlar dilə gəlib qədim Misirdən bu günümüzə nağıl danışır.

Obelisk, zamanla yalnız bir abidə deyil, həm də bir siyasi və mədəni rəmzə çevrilib. Bizans dövründə imperator gücünün simvolu kimi Hipodromun mərkəzində ucaldılan bu sütun, Osmanlı dönəmində də hörmətlə qorunub saxlanılıb. Bu da onu göstərir ki, İstanbul – fərqli sivilizasiyaların bir-birinə hörmətlə yanaşdığı və bu mirası gələcək nəsillərə ötürmək üçün çiyin verdiyi nadir şəhərlərdən biridir.

image-2

Bu gün isə Dikilitaş, Ayasofya və Mavi Məscid arasında, minlərlə turistin ziyarət etdiyi Sultanahmet meydanının simvolik mərkəzlərindən biri olaraq qürurla dayanır. Bura gələn hər bir insan, tarixlə üz-üzə dayanaraq, keçmişin nəfəsini hiss edir.

Dikilitaş – təkcə bir daş abidə deyil. O, bir mədəniyyətin, bir dövrün, hətta bir neçə sivilizasiyanın susqun şahididir. Əsrlər dəyişib, imperiyalar yaranıb və süqut edib, lakin o, hələ də yerindədir – İstanbulun simvolu olaraq.

Əgər yolunuz İstanbuldan düşərsə, Dikilitaşa yaxınlaşın. Onun kölgəsində bir az dayanıb gözlərinizi yumun. Bəlkə də min illər əvvəl yaşanmış bir səhnə sizə görünəcək…

Qoşqar Salmanlı

İstanbul

Seçilən
8
1
veteninfo.az

2Mənbələr