AZ

Kofein stress zamanı dözümlülüyü artırır – Araşdırma

Amherst Kollecinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, kofein xüsusilə stress altında mürəkkəb tapşırıqları yerinə yetirərkən insanın dözümlülüyünü artıra bilər.

Editor.az xəbər verir ki, nəticələr Human Psychopharmacology: Clinical and Experimental jurnalında dərc olunub.

Tədqiqatda 329 tələbə iştirak edib və üç fərqli təcrübə həyata keçirilib. Tapşırıqlar vizual və şifahi elementləri əhatə edən mürəkkəb və deşifrə edilməsi çətin məsələlərdən ibarət olub.

İlk təcrübədə 40 mq kofeinin ciddi təsiri müşahidə edilməyib. İkinci təcrübədə isə 100 mq kofein (təqribən bir fincan qəhvə) qəbul edən iştirakçılar vizual tapşırıqda daha uzun müddət itirilmiş obyektləri axtarmaqda daha uğurlu olublar. Lakin bu təsir şifahi tapşırıqlarda müşahidə edilməyib.

Ən maraqlı nəticə üçüncü təcrübədə, yəni soyuq su stress testində əldə edilib. Yüngül stress yaşayan və 100 mq kofein qəbul edən iştirakçılar nəzarət qrupuna nisbətən daha yüksək dözümlülük göstəriblər. Maraqlıdır ki, kofein stress yaşamayan könüllülərdə dözümlülüyü bir qədər azaldıb.

Tədqiqatçılar bildirirlər ki, kofein dopamin, norepinefrin və adenozin kimi neyrotransmitter sistemlərini stimullaşdıraraq dözümlülüyü artırır. Eyni zamanda, stimulant insanın səy və mükafat qavrayışını dəyişə bilər. Alimlər əlavə edirlər ki, stress hormonları, xüsusilə kortizol, bu mexanizmlərdə mühüm rol oynayır. Stressə məruz qaldıqdan sonra kortizol səviyyəsinin yüksəlməsi stimullara idrak reaksiyalarını gücləndirə bilər.

Müəlliflər, bu neyrofizioloji prosesləri daha dərindən anlamaq üçün fizioloji ölçmələr və neyroimagingdən istifadə etməklə əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr