AZ

Azərbaycan Beynəlxalq Festivalda uğurla təmsil olundu - FOTO

 15–18 sentyabr tarixlərində TÜRKSOY-un təşkilatçılığı ilə ilk dəfə keçirilən “Şəfqətli Türk dünyası” Beynəlxalq İncəsənət Festivalı Qazaxıstanın Aktau şəhərində baş tutub.

News24.az xəbər verir ki, festival müxtəlif ölkələrdən gələn əlilliyi olan istedadlı ifaçıları, rəssamları, rəqqasələri, aktyorları və pianistləri bir araya toplayıb. Tədbirin əsas məqsədi türk dünyasının zəngin mədəniyyətini nümayiş etdirməklə yanaşı, həm də inklüziv dəyərlərin təbliği və əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi olub.

Azərbaycanı festivalda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvləri – görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova, daun sindromlu rəqqasə Pərvanə Hüseynli və xoreoqraf Günay Muradinin tələbəsi Sevil Məmmədova təmsil edib. Onların ifasında təqdim olunan “Sarı gəlin”, “Ay Laçın” xalq mahnıları, eləcə də “Tərəkəmə” və “Uzun dərə” xalq rəqsləri festival iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Xüsusilə də Rəvanə Ağamirovanın canlı şəkildə ifa etdiyi “Sizə salam gətirmişəm” mahnısı tamaşaçıların gurultulu alqışlarına səbəb oldu və tədbirin ən yadda qalan anlarından birinə çevrilib.

Festivalın sonunda Azərbaycan nümayəndə heyəti yüksək qiymətləndirilərək diplom, sertifikat və medallara layiq görülüb. Nümayəndə heyətinin rəhbəri Mədinə Məhərrəmovaya isə iştirak üçün xüsusi təşəkkürnamə təqdim olunub. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti də öz növbəsində “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin əlilliyi olan üzvlərinin hazırladığı əl işləri və rəsm əsərlərindən ibarət hədiyyələri TÜRKSOY rəhbərliyinə təqdim edib.

Qeyd etmək lazımdır ki, festival boyunca Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı nümayəndə heyətinə xüsusi diqqət və qayğı göstərərək onların çıxışlarını yaxından izləyib və uğurlarını yüksək qiymətləndirib.

Festival zamanı TÜRKSOY rəhbərliyi vurğuladı ki, bu cür beynəlxalq tədbirlər yalnız türk dünyasının mədəniyyətinin tanıdılması baxımından deyil, həm də qlobal miqyasda inklüzivliyin təşviqi üçün mühüm platforma rolunu oynayır. Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və onların cəmiyyətə inteqrasiyası üçün bu tip festivalların əhəmiyyəti xüsusilə dəyərlidir.

Azərbaycan nümayəndə heyəti festival çərçivəsində müxtəlif ölkələrdən gəlmiş əlilliyi olan iştirakçılarla dostluq əlaqələri quraraq, yeni əməkdaşlıqların əsasını qoyub.

Bu festival bir daha sübut etdi ki, incəsənətin dili, musiqinin və rəqsin gücü sərhədləri aşaraq insanları birləşdirir və daha mərhəmətli, daha inklüziv bir dünyanın qurulmasına xidmət edir.


Seçilən
58
1
news24.az

2Mənbələr