AZ

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi regionda yaranmış müsbət dinamikanın təzahürüdür" - AÇIQLAMA

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi regionda yaranmış müsbət dinamikanın təzahürüdür" - AÇIQLAMAAzərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu- Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Məlumata görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblə

"Son günlərdə baş verən hadisələr Cənubi Qafqazda yeni bir geopolitik mərhələnin başlanğıcından xəbər verir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir araya gəlməsi regionda yaranmış müsbət dinamikanın təzahürüdür. Bu görüş sadəcə bir diplomatik təmas deyil, həm də liderlərin Vaşinqtonda əldə etdikləri razılaşmaların davamlılığının təmin edilməsi istiqamətində atılan qətiyyətli bir addımdır. Prezident İlham Əliyevin Vaşinqton razılaşmalarından sonra "vaxt itirmək olmaz" bəyanatı bu prosesin sürətini müəyyən edən əsas amil kimi çıxış edir.

Ermənistan rəhbərliyinin də sülh mesajları verməsi İrəvanın regional reallığı qəbul etməyə başladığını göstərir. Bu, Azərbaycanın güclü iradəsi və həm hərbi, həm də diplomatik qətiyyəti nəticəsində əldə edilmiş nailiyyətdir. XİN başçılarının görüşü sülh gündəliyinin irəlilədilməsi üçün praktiki addımların müzakirə olunduğu bir platformaya çevrilib. Bu, sülh müqaviləsinin imzalanması prosesinin artıq texniki mərhələyə keçdiyini göstərir, çünki nazirlər liderlərin təlimatları əsasında konkret məsələləri müzakirə edirlər.

Eyni zamanda, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın "Tramp Marşrutu Layihəsi"ni (TRIPP) müzakirə etmək üçün ABŞ-a səfəri regionda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. Papoyanın sözlərinə görə, artıq bu layihə çərçivəsində 145 milyon dollarlıq birinci tranş daxil olub. Bu, Vaşinqtonun regional iqtisadi layihələrə dəstək verməkdə maraqlı olduğunu sübut edir. "Tramp Marşrutu Layihəsi"nin əsas komponentlərindən biri kimi Zəngəzur dəhlizi məsələsi də durur. Bu layihə regional kommunikasiyaların açılmasına və Azərbaycanın Qərbə doğru strateji əlaqələrini gücləndirməyə xidmət edir.

Bütün bu hadisələr bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. XİN rəhbərlərinin görüşü sülh prosesini siyasi müstəvidə irəli aparır, iqtisadi nazirin səfəri isə bu prosesin iqtisadi əsaslarını möhkəmləndirir. Bu, Zəngəzur dəhlizində işlərə başlanması üçün bir anons sayıla bilər. Azərbaycan uzun müddətdir bu dəhlizin regional əməkdaşlıq və sülh üçün əhəmiyyətini vurğulayır. Artıq Ermənistan tərəfi də beynəlxalq təzyiq və iqtisadi fayda naminə bu layihəyə maraq göstərməyə başlayıb. Bu, Ermənistanın öz iqtisadi gələcəyini Azərbaycanla münasibətlərin normallaşmasından asılı gördüyünün bir əlamətidir.

Qeyd etmək lazımdır ki, Vaşinqton sülh gündəliyini dəstəkləyir və bu prosesdə fəal rol oynayır. ABŞ-ın iqtisadi layihələr vasitəsilə regionda mövcudluğunu artırması sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Lakin bu prosesin rəvan getməsi Ermənistanın daxili destruktiv qüvvələrinin təxribatlarından asılıdır. Azərbaycanın mövqeyi qətidir: ya sülh müqaviləsi ilə, ya da sülh müqaviləsi, alternativ ola bilməz. Ermənistan sülh yolunu seçsə, bölgənin iqtisadi inkişafından faydalanacaq. Əks halda, bölgənin gələcəyini Azərbaycanın diktə etdiyi reallıq müəyyən edəcək. Bu danışıqların əsas məqsədi Ermənistanı sülh müqaviləsi imzalamağa və Azərbaycanın ərazi bütövlüyünü tam tanımağa məcbur etməkdir. Bu, tarixi bir məqamdır. Ermənistan konsitusiya dəyişikliyi üçün də çevik addımlar atmalıdır".

Seçilən
22
sonxeber.az

1Mənbələr