AZ

Ermənistanın ayağından asılan 3 parazit Seçkilər yaxınlaşdıqca...

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Bakı və İrəvan arşında tarixi sülh sənədinin paraflanması Ermənistanda iqtidar-müxalifət çəkişməsini gücləndirib. Daha dəqiqi, sülh təbliğatçıları ilə müharibə tərəfdarları arasında ictimai rəy uğrunda davanı xeyli qızışdırıb.

Şübhə yox ki, növbəti parlament seçkiləri (iyun, 2026) yaxınlaşdıqca, - seçkilər ertələnə də bilər, - qarşıdurma daha amansız xarakter alacaq. Hələ ki, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim partiyanın reytinqi 12% həndəvərindədir. Amma radikal müxalifətin imici bundan da aşağıdır (5-6%). Nəzərə alsaq ki, Paşinyan müharibəni uduzan ölkə başçısıdır, məntiqlə bunun əksi olmalı idi.

Amma belə deyil. Hətta 44 günlük müharibədən bir neçə ay sonra keçirilən son parlament seçkilərində (iyun 2021) Paşinyanın partiyası böyük fərqlə qalib gələrək təzədən hökumət qurub. Bu o anlama gəlir ki, aparılan bunca antitəbliğata rəğmən, erməni cəmiyyətində keçmiş avantürist “üçlüyün” – Levon Ter-Petrosyan-Robert Köçəryan-Serj Sərkisyan dönəminə ciddi xiffət hissi yoxdur.

Bu amil və ya gerçəklik kapitulyant ölkə daxil, bütövlükdə bölgəmiz üçün, daimi sülh, sabitlik və inkişaf üçün olduqca mühüm və qiymətli bir üstünlükdür. Unikal şans, fürsət pəncərəsidir...

Əlbəttə, bunu hamıdan yaxşı elə baş nazirin özü bilir. Qalır bu mövqeyi qarşıdakı seçkilərədək daha güclü və həlledici eləmək. Onu da Paşinyan bacardıqca edir və edəcək. Etməlidir. Baş nazirin bu üç nəfərə - Ermənistanın “ayağından” daş kimi asılan “üçlüyə” qarşı son əzici açıqlaması, o sırada onları ən “həssas” yerlərindən ağrılı şəkildə vurması qənaətimizi təsdiqləyir.

Sitat: “Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə iddia edirlər. Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistanın suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?”

Davamı da var. Paşinyan “sandığı” bir az da açaraq deyib ki, Ermənistanı müharibəyə məhz bu üç sabiq prezident sürükləyib. Qeyd edib ki, xüsusən də Sərkisyan və Köçəryan ölkəni Qarabağda - Azərbaycan ərazisində müharibəyə sürüklədikdən sonra oradan Ermənistana qaçıblar (Teleqraf).

Ardınca o, lənətlənmiş cinayətkar “üçlüyü” haqlı olaraq, şəxsi məqsədləri naminə Qarabağda münaqişəni qızışdırmaqda ittiham edib, onların bu yolla özlərinə böyük sərvətlər topladığını bildirib: “Qalib prezidentlər”, “qalib prezidentlər”! Üçüncü Respublikanın tarixi üzərində düşünərkən mən dəhşətlə bildirmişdim ki, “qalib prezidentlər” adlandırılanların heç biri təsəvvür etdiyiniz kimi deyil, onların heç biri xalqın etimadını qazanmayıb. Qulaq asın, xalqa “qələbə” gətirmişdinizsə, 1996-cı ildən bəri seçkiləri niyə saxtalaşdırdığınızı izah edə bilərsinizmi? Xalq onlara qələbə gətirən liderləri necə seçə bilməzdi? Necə?”

Və növbəti öldürücü cümlələr: “Ermənistanın düşüncəli insanları anlayırdı ki, siz qələbə gətirmədiniz, Ermənistanı heç bir çıxış yolu olmayan uçuruma sürüklədiniz. İndi isə ölürsünüz, çünki görürsünüz ki, bəli, minlərlə qurbanın bahasına o çıxış yolu tapılıb. Sözün əsl mənasında gündə üç dəfə ölürsünüz. Bir dəfə səhər, bir dəfə günorta, bir də qaranlıq çökən kimi. İndi deyin: mənimlə debata gələcəksiniz, ya gəlməyəcəksiniz?”

Gəlməyəcəklər. Çünki onların bu xəstə və zavallı xalqa deyəcəyi yeni nə sözləri var, nə də üzləri. Hər şey deyilib, qurtarıb, bitib. Bu hərbi canilərin, siyasi meyitlərin özləri kimi... /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
icma.az

5Mənbələr