AZ

Türkiyənin SANCAR silahlı insansız dəniz aparatı xidmət üçün hazırdır

HAVELSAN və “Yonca Texnik Tersanesi” şirkətlərinin əməkdaşlığı ilə hazırlanan SANCAR silahlı insansız dəniz aparatı (SİDA) “TEKNOFEST İstanbul” festivalında sərgilənib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qəbul prosesi başa çatdırılan və təhlükəsizlik qüvvələrinin xidmətinə hazır vəziyyətə gətirilən SANCAR, “TEKNOFEST İstanbul”dan sonra fəaliyyət göstərəcəyi hərbi hissəyə təhvil veriləcək.

Festival çərçivəsində açıqlama verən HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar, SANCAR SİDA-nın sınaq proseslərindən danışıb: “Keçən həftə keçirilən qəbul sınaqları uğurla tamamlandı. Atəş sınaqlarını da müvəffəqiyyətlə həyata keçirdiyimiz SANCAR SİDA-nı HAVELSAN və “Yonca Texnik Tersanesi” ilə birlikdə inkişaf etdiririk. HAVELSAN olaraq bu platformada 5 müxtəlif milli məhsulumuz mövcuddur. Onlardan ən önəmlisi, Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi ADVENT proqram təminatının avtonom sistemlərə inteqrasiya olunduğu məhsul ailəsinin yeni üzvü – komanda-idarəetmə proqram təminatı “ADVENT Rota”dır. Digər mühüm sistem isə “Gəmi Məlumat Paylama Sistemi”dir. (GVDS). GVDS gəminin üzərindəki bütün sensor, silah, radar, elektro-optika və sonarların qoşulduğu məlumat paylama sistemidir.

Bundan əlavə, NAUTIS sistemi ilə qurudan komanda-idarəetmə mümkündür. Bu sayədə sonarların suya buraxılması və yığılması üçün lazım olan vinçin idarəetməsi də həyata keçirilir. Dənizdə avtonom naviqasiya üçün istifadə etdiyimiz BLUEVISION ilə maneələrdən yayınaraq tapşırıq yerinə getmə və 360 dərəcə situasiya məlumatlılığı təmin edirik. Son olaraq GNSS – KASK məhsulumuz mövcuddur. Daha əvvəl Antarktikada TÜBİTAK komandası ilə sınaqları keçirilən bu sistem vasitəsilə SANCAR dəqiq peyk mövqeləndirməsi ilə öz yerini müəyyən edə bilir”.

HAVELSAN-ın hazırladığı ADVENT proqram təminatı ailəsinin artıq bir çox ölkədə istifadə olunduğunu xatırladan M.A.Nacar, SANCAR-ın da ixrac potensialına diqqət çəkib: “Xaricdə intensiv şəkildə işgüzar fəaliyyətlərimiz davam edir. Heyətlərə İstanbuldakı nümayişlərdə mütləq SANCAR-ı göstəririk, sahədə izləyirlər. Sərgilərdə tanıdırıq və əlaqələrimiz var. Ciddi maraq göstərən ölkələr mövcuddur”.

O bildirib ki, SANCAR yalnız ADVENT ilə inteqrasiya olunaraq deyil, həm də müstəqil platforma kimi istifadə edilə bilər.

Baş direktor yaxın vaxtlarda SİDA-nın ictimaiyyətlə bölüşülən atəş sınaqlarına və onun mülki sektordakı istifadəsinə də toxunub.

“Qüvvələrimizin icazəsi və iradəsi ilə biz burada platformanı sərgiləyirik. Üzərində gördüyünüz 12.7 millimetrlik uzaqdan idarə olunan silahla atəşlər edildi və hədəflərin uğurla vurulduğu görüldü. Beləliklə, qəbul prosesi həyata keçirildi. Bundan sonra kütləvi istehsalda daha çox sayda SANCAR-ı təhvil vermək fürsəti əldə edəcəyimizə inanırıq.

Mülki sektorda logistika məqsədilə bu tip vasitələr istifadə oluna bilər. Bununla bağlı danışdığımız bir ölkə və platforma mövcuddur. İnşallah nəticələnər. Bu xəbəri də sizinlə bölüşərik”, – deyə M.A.Nacar qeyd edib.

SANCAR, atəş imkanları, mina aşkarlama qabiliyyəti və avtonom tapşırıq funksiyaları ilə HAVELSAN tərəfindən hazırlanan və ölkə daxilində və xaricdə uğurla istifadə edilən ADVENT döyüş idarəetmə sistemi ilə tam inteqrasiya olunaraq fəaliyyət göstərə bilən ilk və yeganə SİDA-dır.

Mina əleyhinə tədbir funksiyası ilə rəqiblərindən fərqlənən SANCAR, yeni nəsil mina gəmisindən çıxaraq əməliyyat icra etməklə mühüm döyüş qabiliyyəti təqdim edə biləcək.

SANCAR üçün NATO ilə uyğun gələn proqram təminatları hazırlanır ki, bu da platformanın potensial istifadəçilərinin artmasına şərait yaradacaq.

HAVELSAN-ın insansız dəniz aparatları məhsul ailəsinin ilk üzvü olan SANCAR-a yaxın zamanda həm hərbi, həm də mülki sahəyə xidmət göstərəcək yeni məhsullar əlavə ediləcək.

Seçilən
22
poliqon.az

1Mənbələr