AZ

Ermənistanda Azərbaycan səfirliyi açılacaq - Deputat

8 avqust tarixli Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində müəyyən məsafə qət edilib. Sentyabrın 5-də Baş nazir müavinləri Şahin Mustafayevin və Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. İki gün öncə isə Bakıda keçirilən “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak üçün Ermənistan Milli Təhlükəsilzik Xidmətinin direktoru Andranik Simonyan ölkəmizə gəlib.

Bütün bu qarşılıqlı səfərlər daimi sülhə gedən yolda əsas addımlar kimi xarakterizə edilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, diplomatik münasibətlərin olmamasına baxmayaraq, Ermənistan xüsusi xidmət orqanı rəhbərinin Bakıdakı tədbirə qatılması ölkəmizin apardığı siyasətin nəticəsidir:

“Bakıda keçirilən “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu” dünya əhəmiyyətli tədbirdir. Belə bir tədbirin təşkili ev sahibi ölkənin nüfuzundan xəbər verir. Eyni zamanda bu Azərbaycanın beynəlxalq birlikdə qazandığı yüksək hörmətin göstəricisidir. Təhlükəsizlik dünya üçün bir nömrəli məsələdir. Bu gün dünya üçün Azərbaycanın təcrübəsi, yanaşması maraqlıdır. Təşkilatçılıq yüksək səviyyədə olub. Dünyanın əksər ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələri tədbirdə iştirak ediblər. Hətta diplomatik münasibətlərimiz olmasa belə, Ermənistan xüsusi xidmət orqanı rəhbərinin Azərbaycana səfərini ölkəmizin apardığı siyasətin nəticəsi hesab etmək olar".

Deputat vurğulayıb ki,Ermənistan konstitusiyasına dəyişiklik edilərsə, iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edə, səfirliklər açıla, ticarət-iqtisadi əlaqələr möhkəmlənə, humanitar sahədə əməkdaşlıq ola bilər:

"Azərbaycan qonşu Ermənistanla yaxşı əlaqələrin qurulmasında maraqlıdır. Bunun üçün Azərbaycan müvafiq bəyanatlar verib və öz mövqeyini sərgiləyib. Avqustun 8-də Vaşinqtonda üçtərəfli bəyanatın verilməsi, sülh sazişinin mətninin paraflanması iki ölkə münasibətlərinin yeni səhifədən yazılması üçün əsas olduğunu göstərir.  Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılarsa, artıq əlaqələrimiz bütün sahələrdə inkişaf edə, səfirliklər açıla, ticarət-iqtisadi əlaqələr möhkəmlənə, humanitar sahədə əməkdaşlıq ola bilər. Azərbaycan buna hazırdır və bunun üçün öz səmimiyyətini, real işini dəfələrlə nümayiş etdirib. Çox istərdik ki, Ermənistanın son günlər Azərbaycanla yaxşı münasibətlərlə əlaqədar tezisləri yalnız sözdə qalmasın və real iş görsünlər. İkitərəfli münasibətlərdə yeni səhifənin açılmasının zamanı yetişib. Ermənistan və onu dəstəkləyən xaricdəki dairələr Azərbaycanın qətiyyətini, onun suverenliyini qorumaq və möhkəmləndirmək əzmini gördülər. Azərbaycanı bir daha sınağa çəkmək lazım deyil. Azərbaycan dostluğa, mehriban qonşuluğa hazırdı və bunu üçün eyni münasibəti qarşı tərəfdən gözləyir. Artıq normal qonşuluq elementlərini görürük. Ermənistan xüsusi xidmət orqanının Bakıya səfəri olub. Sabah hansısa nazirimizin İrəvana səfəri baş tuta bilər. Xaricdə keçirilən bir tədbirdə Azərbaycan və Ermənistandan olan münsiflər heyətinin qarşılıqlı surətdə bir-birinin nümayəndəsinə yüksək qiymət verməsi, Azərbaycanın analitik mərkəzlərindən birinin nümayəndəsinin İrəvandakı tədbirdə iştirak etməsi göstərir ki, mehriban qonşuluq üçün zəmin yaranıb. Gələcək mehriban qonşuluq və səmimi münasibətlərdədir. Azərbaycan buna hazırdır, Ermənistandan da real addımlar gözləyirik".

Seçilən
14
3
modern.az

4Mənbələr