AZ

Vətən müharibəsi şəhidi Aslan Əliyevin xatirəsi anılıb

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Əliyev Aslan Elman oğlunun doğum günü Göyçay rayonunun Hacalıkənd kəndində, məzarı önündə qeyd olunub.

Herbiand.az xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qəhrəman Vətən oğlunun əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər bildiriblər ki, Aslan Əliyev kimi qəhrəman igidlərin şücaəti sayəsində bu gün ölkəmizin ərazi bütövlüyü bərpa olunub, xalqımız qalib millət kimi tarixə imza atıb. Onlar şəhidlərin vətənpərvərliyindən gənclərin nümunə götürməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimiz xalqımızın yaddaşında daim uca tutulacaq, onların məzarları hər bir azərbaycanlının ziyarət yerinə çevriləcək.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, şəhid Əliyev Aslan Elman oğlu 2001-ci il sentyabrın 23-də Göyçay rayonunun Hacalıkənd kəndində anadan olub. 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə igidlik göstərərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

AZƏRTAC



Seçilən
20
herbiand.az

1Mənbələr