BAKI, 23 sentyabr. TELEQRAF
Moldovada kafelərdən birində görüntülənən və sosial şəbəkələrdə ictimai müzakirələrə səbəb olan Fransa hərbçiləri qanuni olaraq ölkədədir.
Teleqraf xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
“Dərc edilmiş fotoşəkildə Kişinyovda akkreditə olunmuş hərbi attaşelər təsvir olunub və onlar Kaqul qarnizonunda yerləşən hərbi hissəyə tanışlıq səfəri ediblər”, - nazirlik iki ölkənin müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində əməkdaşlıq etdiyini açıqlayıb.
2024-cü ildə Moldova və Fransa yeni saziş imzalayaraq hərbi əməkdaşlığı genişləndirib. Bu, Moldova ərazisində Fransanın hərbi missiyasının yerləşdirilməsi, eləcə də kadr hazırlığı, beynəlxalq missiyalarda iştirak, hava məkanına nəzarət, texnologiya mübadiləsi kimi sahələrdə imkanların genişləndirilməsini nəzərdə tutur. Bu il Moldova Almaniya ilə də daimi hərbi missiyasının Kişinyovda yerləşdirilməsi haqqında saziş imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin Moldovaya qoşun göndərməyə hazırlaşması barədə məlumat yayıb. Rusiya kəşfiyyatı Avropa ölkələrinin mümkün addımlarını “işğala hazırlıq” adlandırıb.