AZ

Yanvarın 1-dən sürücülər yol vergisi ödəyəcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avtomobil nəqliyyatında sərnişin daşınmasının təkmilləşdirilməsi məqsədilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb. Fond avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi (2026-cı il yanvarın 1-dən) və Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olma haqqı (2027-ci il yanvarın 1-dən) hesabına formalaşacaq.

Fərmanın imzalanmasından sonra sosial şəbəkələrdə gələn il yanvarın 1-dən avtomobil yanacağın görə yol vergisi tələb olunacağına dair müzakirələr aparılır. Maraqlıdır, vətəndaşlar doğrudan da benzin sərfiyyatına görə əlavə vergi ödəyəcəklər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az-a bildirib ki, vətəndaşlar benzin alarkən yol vergisi, aksiz və ƏDV-ni artıq ödəmiş olurlar

“Məsələn, yağ alırsınız, elə bilirsiniz bu, ancaq məhsulun qiymətidir? Xeyr. Hər hansı bir məhsul alırsınızsa, onun içində vergilər var: 18 faiz vergi, işçinin xərci və s. Biz həmişə ödəyirdik, burada yeni bir şey yoxdur. Yol vergisi də, aksiz vergisi də, əlavə dəyər vergisi də benzin qiymətinin içərisindədir.Yəni biz benzin aldıqda, onu satan strukturlar ödədiyimiz puldan dövlət büdcəsinə vergi ödəyirlər. Xatırladığım qədər, yol vergisi 10 il əvvəl qiymətin içərisinə daxil edildi. Əvvəl texniki baxış zamanı verilirdi, sonra dəyişdirildi, yanacağın qiymətinə daxil edildi. Yəni, istehlak vergiləri – əlavə dəyər vergisi, aksiz, yol vergisi alış zamanı tutulur”.

Nəqliyyat ekspert Elməddin Muradlı da vurğulayıb ki, sürücülər üçün əlavə ödəniş nəzərdə tutulmayıb:

“Zatən benzinə və digər yanacaq növlərinə görə şirkətlər vergi ödəyirlər. Həmin vergidən vəsait tutulacaq. Sürücü burada heç nəyə əlavə pul ödəmir. Əvvəl yol vergisini biz ödəyirdik, amma sonradan dövlət başçısının qərarı ilə ölkəyə yanacaq gətirən, istehsal edən və satan hüquqi və fiziki şəxslər ödəməyə başladılar. Yəni o yol vergisini onlar ödəyir və illərdir bu sistem belə davam edir. Təzə bir vergi növü yaradılmayıb, sürücülərdən də heç kim heç nə tələb etmir”.

Seçilən
25
4
editor.az

5Mənbələr