AZ

Bakıda “Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü və Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı ilə birgə “Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. İnzibati ərazidə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, şəhidlərimizin xatirəsi yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, bu cür tədbirlər yalnız təşkilati fəaliyyəti gücləndirmir, eyni zamanda, partiya üzvləri arasında həmrəyliyi və informasiya mübadiləsini artırır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin qısa müddətdə ölkəmizi müasir silah və texnologiyalarla təmin edən strateji quruma çevrildiyini qeyd edən B.Nəbiyev YAP-ın sıralarında birləşən MSN əməkdaşlarının ictimai-siyasi proseslərdə aktiv iştiraklarını, dövlətçilik maraqlarına xidmət edən təşəbbüslərdə fəallıq göstərmələrini yüksək qiymətləndirib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və dövlət quruculuğu sahəsində tarixi və əvəzsiz xidmətləri barədə danışan B.Nəbiyev bildirib ki, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində məhz Ulu Öndərin müdrik siyasəti və milli tərəqqi strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Ümummilli Liderin siyasi xətti uğurla davam etdirilir, Azərbaycan günbəgün daha da güclənir və hazırda regionun lider dövlətlərindən biridir.

Sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

MSN-in Aparatının rəhbəri Samir Ağabalayev çıxış edərək Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan xalqının birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində əldə olunduğunu vurğulayıb. O, dövlətimizin başçısının Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin yalnız hüquqi-siyasi məzmun daşımadığını, eyni zamanda, xalqın tarixi yaddaşını gücləndirən, milli dövlətçilik fəlsəfəsini möhkəmləndirən və gələcək nəsillərə ünvanlanan rəmzi hadisə olduğunu diqqətə çatdırıb.

S.Ağabalayev MSN-in ötən 20 ildə keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə sənayesinin qurulması və gücləndirilməsi istiqamətində görülən işlər, yerli müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsulların beynəlxalq silah bazarında davamlı artan nüfuzu barədə geniş məlumat verib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, deputat Mahir Süleymanlı və digərləri 44 günlük Vətən müharibəsində və iki il öncə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan şanlı zəfərlərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olmaqla, ölkəmizin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Diqqətə çatdırılıb ki, 30-cu ildönümünü qeyd etdiyimiz, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlini formalaşdırıb, insan hüquq və azadlıqlarının qorunmasında, demokratik prinsiplərin bərqərar olmasında həlledici rol oynayıb.

Sonda Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyinə və Yeni Azərbaycan Partiyasında ictimai-siyasi fəaliyyətlərinə görə MSN-in bir qrup əməkdaşı YAP Yasamal rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib.

 

Seçilən
60
2
azertag.az

3Mənbələr