AZ

“Zamansız və məkansız” sərgisi təqdim edildi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının izləyicilərinə hazırladığı maraqlı təqdimatlardan biri də “Zamansız və məkansız” sərgisidir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakıdakı Milli Xalça Muzeyində təqdim edilir.

“Qafqazinfo” xəbər verir ki, ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları, həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edilir.

Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib. Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də Ankaradakı Etnoqrafiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır.

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir.

Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağları vurğulayan, eyni zamanda İmadəddin Nəsiminin poeziyası və fəlsəfəsinin müasir dövrdəki əhəmiyyətini göstərən mühüm mədəni hadisədir.

Ziyarətçilər ekspozisiyanı bir ay ərzində - oktyabrın 23-dək izləyə biləcəklər.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə baş tutan Nəsimi Festivalı sentyabrın 25-dək davam edəcək. Bakı və Şamaxı şəhərlərini əhatə edən festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir sayılır. Festival həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
10
qafqazinfo.az

10Mənbələr